“Məktəblərdə direktor müavinləri öz işlərini layiqincə yerinə yetirə bilmirlər” – Millət vəkili

Bu gün məktəblərdə çalışan təlim-tərbiyə işləri üzrə direktor müavinləri öz işlərini layiqincə yerinə yetirə bilmirlər. Onlar sadəcə kabinetlərində oturmaqla işini sənəd işlərini görməklə yekunlaşmış hesab edirlər.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamilə Əliyeva parlamentin Elm və təhsil komitəsinin noyabrın 4-də keçirilən iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, halbuki direktor müavinləri daim məktəbin dəhlizində olmalı, təhsil müəssisəsinin daxilində baş verən prosesləri izləməlidir.

“Son zamanlar məktəb daxilində bir sıra xoşagəlməz halların baş verdiyinin şahidi oluruq. Direktor və müavinləri öz vəzifələrinin öhdəsindən layiqincə gəlməlidir. Valideyn övladının məktəbə yola salır və övladı 6-7 saat orada olursa, deməli məktəb daxilində baş verən bütün hadisələrə məktəb rəhbərliyi cavabdehdir. Başqa bir nüans valideyn adı ilə məktəbə daxil olmaq istəyənlər də olur. Bu kimi xoşagəlməz hadisələrin baş verməməsi üçün məktəb daxilində ciddi nəzarət olmalıdır”, – deyə K.Əliyeva əlavə edib.