!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəblərdə psixoloji xidmət PROBLEMİ: Çıxış yolu nədir? - EKSPERT RƏYİ

!Reklam – Yazi

“Psixoloq yetişdirən ali təhsil müəssisələri öz proqramlarını yenidən gözdən keçirməlidirlər”.

Bu fikirləri Bakı şəhəri 282 saylı tam orta məktəbdə son baş verən hadisə fonunda təhsil müəssisələrində psixoloji xidmətin təşkili haqqında danışarkən təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.

Qoşqar Məhərrəmov vurğulayıb ki, məktəblərdə psixoloji xidmətin durumu heç də ürəkaçan deyil:

“Düşünürəm ki, məktəblərdə psixoloji xidmət yetəri səviyyədə deyil. Çünki bəzi məktəblərdə çox sayda şagird var, lakin bir psixoloq. Bir çox məktəblərdə psixoloq şagird sayına nisbətdə yetərli deyil. Bir qism məktəblərdə isə nəinki kəmiyyət, heç keyfiyyət etibarilə də yetərli deyil. Yadınızdadırsa, dövlət bir dönəm müəllimlərə təlimlər keçmişdi. Azərbaycan dili və ədəbiyyat müəllimi, əmək və yaxud musiqi müəllimi üç-dörd aylıq təlimlərə qoşulub psixoloq olmuşdular. Onlar psixoloq ştatını o dönəmdən bu günədək icra edirlər. Əlbəttə ki, o insanlardan psixoloqluq gözləmək düzgün olmaz. Bizim hazırda məktəblərin ehtiyacını qarşılayacaq qədər psixoloqumuz yoxdur. Eyni zamanda, məktəbdəki maaşa qane olacaq keyfiyyətli psixoloq yoxdur. Yəni keyfiyyətli psixoloq o maaşa qane olmur, o maaşa qane olanlar isə, adətən, keyfiyyətli psixoloq deyillər. Təbii, hər kəsi nəzərdə tutmuram, çünki orta məktəblərdə kifayət qədər yaxşı psixoloqlar var.

Psixoloqların otağının nömrəsini hamı bilirsə, deməli, həmin psixoloq məktəbdə işləyir. Valideynlər, şagirdlər psixoloqun otağını tanımırlarsa, ondan necə randevu alacaqlıarını bilmirlərsə, əlbəttə, belə bir situasiyada psixoloqun varlığı əhəmiyyət kəsb etmir. Bu o deməkdir ki, həmin psixoloq işləmir”.

Mütəxəssis problemdən çıxış yolu üçün təklif də irəli sürüb:

“Çıxış yolunu onda görürəm ki, psixoloq yetişdirən ali təhsil müəssisələri öz proqramlarını yenidən gözdən keçirməlidirlər. Görəsən, həqiqətən, müasir yanaşmalara uyğun, onları bilən psixoloqlar yetişirmi?! Bir neçə ali təhsil qurumunu çıxmaq şərti ilə, məzunlar qeyd edirlər ki, onlar özləri-özlərini yetişdirirlər. İkinci növbədə, yaxşı psixoloqları məktəblərə cəlb etmək üçün onların məvaciblərini qaldırmaq lazımdır. Üçüncü üsul isə budur ki, məktəblərin psixoloji xidmətini özəl psixoloji mərkəzlərə həvalə etmək lazımdır”.

Aqil Bəkir

www.yenicag.az

660
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv