!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məktəblərdə rüşvət, özbaşınalıq, şiddət... - "Elm və Təhsil Nazirliyi öz vəzifəsinin öhdəsindən gəlmir" - Təhsil eksperti

!Reklam – Yazi

Bakıda yerləşən 112 saylı orta məktəbdə şagirdin sinif yoldaşını döyməsi ilə bağlı yayılan videogörüntülər geniş müzakirələrə səbəb olub. Bu hadisə izləyicilər tərəfindən şiddətlə qınanıb və həmin şagirdə ciddi cəza verilməsi tələb edilib.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında bildirib ki, təhsil müəssisələrində baş verən şagird özbaşınalıqlarına görə məsuliyyəti birbaşa Elm və Təhsil Nazirliyi daşıyır:

“112 saylı məktəbdə baş verən hadisənin cəmiyyət tərəfindən birmənalı qarşılanmaması başadüşüləndir. Çünki bu hadisə təhsil müəssisəsində baş verməli deyildi. Ümumiyyətlə, heç bir müəssisədə bu cür hallar yaşanmamalıdır. Əgər baş veribsə, bununla bağlı aidiyyatı qurumlar mütləq şəkildə adekvat addım atmalıdır. Bu gün Azərbaycanın orta təhsil müəssisələrində 1 milyon 600 min nəfərdən çox şagird təhsil alır və 4400-dən çox orta ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Təhsil alan şagirdlərin hər biri eyni psixologiyaya sahib deyil, hərəsinin öz tərbiyəsi var. Bəzi ailələrdə övlad tamamilə nəzarətsiz haldadır. Həmin valideynlərin məsuliyyətsizliyi ucbatından şagirdlərin qeyri-etik davranışları həddindən artıq çox olur. Şagird zamanında düzgün tərbiyə alarsa və başqasına qarşı münasibətində diqqətli olarsa, neqativ hallar yaşanmaz. Xüsusən də tədris ocaqlarında xoşagəlməz hallar yaşanmamalıdır.

Sözügedən hadisə ilə bağlı Elm və Təhsil Nazirliyi vaxtında məsuliyyətli addım atmalı idi. İndi də gec deyil. O halda ki, ən azı məktəblərdə bir saatlıq psixologiya dərsi tədris olunmalıdır. Əvvəllər İnsan və Cəmiyyət fənni var idi, lakin sonradan ləğv olundu. Normal münasibətlərin qurulması üçün şagirdlərə xüsusi təlimlər keçirilməlidir. Bu gün məktəblərdə psixoloq çatışmazlığı var. Şagirdlər isə müvafiq yeniyetmə dövrünə uyğun olaraq enerjilərini hansısa formada çıxarmağa çalışırlar. Təəssüf ki, bu vəziyyət məktəblərin maddi-texniki bazasına zərər vurulmasına, sinif yoldaşları arasında şiddətin tətbiq olunmasına, müəllimə qarşı neqativ halların yaşanmasına yol açır. Ona görə də Daxili İşlər Nazirliyinin tabeliyində orta ümumtəhsil müəssisələrinə polislər cəlb olunmalıdır. Bu, şagirdlərin təhlükəsizliyini təmin etməklə yanaşı, şagirdlər tərəfindən törədilən neqativ halların qarşısını ala bilər. Bu gün məktəblərdə baş verən xoşagəlməz hadisələr direktorun məsuliyyətsizliyindən yaranır. Tənəffüs zamanı şagirdlər elə rəftar etməlidirlər ki, sakit davranış sərgiləyə bilsinlər. Yayılan videonu birbaşa Elm və Təhsil Nazirliyinin məsuliyyətsizliyi adlandırmaq olar. Nazirlik konkret olaraq öz vəzifəsinin öhdəsindən gəlmir. Həmin nazirlikdə pərakəndəlik hökm sürür və nəticə etibarilə bu cür neqativ hallar yaşanır. Bu isə hələ başlanğıcdır. Məktəblərdə narkotik vasitələrə kimi satılır. Nazirliyin pul alıb direktor təyin etdiyi məktəbdən nə gözləmək olar?! Bu gün pulla direktor təyin olunursa, o direktor məktəbin fəaliyyətinə məsuliyyətlə yanaşa bilməz. Bəzi direktorlar saxta diplomla təyin olunub. Hətta bəzilərinin diplomu da yoxdur. Ona görə də bu gün şagirdlər bərbad yöndə idarə olunurlar və şagirdlər məktəb direktorundan çəkinmirlər”.

Gülşən Şərif

www.yenicag.az

649
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv