“Əgər malın həqiqətən keyfiyyətli olduğu iddia olunursa, o müəyyən mütəxəssislər tərəfindən yoxlandıqdan sonra bazara buraxılması daha məqsədəuyğundur”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında hər mövsüm məktəbli formaları ilə bağlı yaranan problem və alıcıları forma alarkən diqqət etməsi lazım olan məqamlar haqda danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, hər mövsümün başlanğıcında istehlakçılar keyfiyyətli məktəbli formasını haradan və necə seçmək lazım olduğu ilə bağlı suallar ünvanlayırlar:
“Məktəbli forması sahəsində hər il müəyyən problemlər olur. Hər mövsümün başlanğıcında istehlakçılar keyfiyyətli məktəbli formasını haradan və necə seçmək lazım olduğu ilə bağlı suallar ünvanlayırlar. Bu dövrdə çoxlu sayda kənardan, xaricdən forma tikilişi ilə məşğul olanlar da prosesə qoşulur. Bu zaman bazarda anarxiya əmələ gəlir. Məndə olan məlumata görə, Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi formalar üzərindən məktəblər seçimdə sərbəstdir. Həmişə vurğulayırıq ki, burada bəzi məktəb direktorları ilə müxtəlif forma tikənlər arasındakı sazişi pozmaq lazımdır. Onlardan bəziləri məktəb direktorları ilə əlaqə girərək, keyfiyyətsiz formanı baha qiymətə sata bilərlər”.
E.Hüseynov qeyd edib ki, parçalarda da bəzən müəyyən problemlər olur:
“Əslində, yalnız bir neçə fabrikin məktəb forması tikməsi düzgün deyil. Əgər malın həqiqətən keyfiyyətli olduğu iddia olunursa, o müəyyən mütəxəssislər tərəfindən yoxlandıqdan sonra bazara buraxılması daha məqsədəuyğundur. Əlbəttə, parçalarda da bəzən müəyyən problemlər olur. Mənə məktəbli forması tikişi ilə məşğul olan ixtisaslaşmış tikiş fabriklərinin birindən bildirilmişdi ki, forma gərək müəyyən zonalar üzrə müxtəlif parçalardan tikilsin. Çünki, elə zona var ki, ora soyuq, eləsi də var ki, isti hava şəraitinə malik olur. Eyni parçadan hər iki zonaya forma tikmək doğru deyil. Belə diferensiallaşmanın olması çox yaxşı olardı”.
Mütəxəssis əlavə edib ki, ölkəmizdə artıq professional tikişlə məşğul olan müəssisələr var ki, formanın alınmasında onlara üstünlük verilməsi daha doğrudur:
“Lakin azad bazar iqtisadiyyatıdır. Əslində, məntiqi cəhətdən bazara kim yaxşı mal çıxarırsa, həmin mal yoxlanılaraq, bazara çıxarılmalıdır. Burada bəzi tikişçilər əsasən xammalın keyfiyyəti ilə bunu həll etməyə çalışırlar. Yəni, forma daha ucuz əmələ gəlsin deyə xammal təkcə pambıq parçadan deyil, süni materialdan da hazırlanır. Belə məktəbli formaları seçən zaman istehlakçılar onun tikiliş formasına baxsınlar, onu tikən fabrikin loqosuna fikir versinlər, əgər fabrikin əlaqə nömrəsi varsa ona zəng edərək, məlumat əldə etsinlər. Formanın üzərində təsdiq olunmuş loqo olmalıdır. Əlbəttə, burada qiymətin də müəyyən rolu var. Adətən ucuz parçadan, təsadüfi yerlərdə tikilmiş formaların sapları sallanır, tikişlərində qırışlar olur”.
İsmayıl Bakuvi