Artıq bir neçə müddətdir ki, KİV-də lombard sahibi, iş adamı Məlahət Qurbanovanın verdiyi pulun geri qaytarılmasında yaranmış problemlərlə bağlı müxtəlif səpkili yazılar dərc olunmaqdadır. M. Qurbanova yazılara münasibət bildirərək ilk öncə yaranmış problemin işıqlandırılmasında jurnalistlərə təşəkkürünü bildirib.
Ancaq bəzi qüvvələrin bu problemdən öz məqsədləri üçün yararlandıqlarını gördüyünü və bundan təəssüfləndiyini bildirib.
Məlahət Qurbanova bildirib ki, “mən pulu uzun illər tanıdığım, özünü guya deputat Rafael Cəbrayılovun şəriki və dostu kimi təqdim edən Mirəhməd Abbasova vermişəm. Lakin məqsədli olaraq, mənim şəxsən pul verdiyim Mirəhməd Abbasovdan çox deputat Rafael Cəbrayılov və qardaşı Elşən Cəbrayılovun adı hallanmaqdadır. Bəzi şəxslər bu məsələdən şou düzəldərək, məsələnin əsas mahiyyətindən uzaqlaşmaqdadır və bu da ictimaiyyət arasında çaşqınlıq yaradır. Belə görünür ki, mənim müraciətimdən deputatı istəməyən bəzi adamlar öz məqsədləri üçün istifadə etməyə başlayıblar.
Yəni, mənim problemim kənarda qalıb, mənim müraciətimə aidiyyatı olmayan Rafael Cəbrayılovun baş nazirin müavini Əli Həsənovla əlaqələrinin olması, deputatın guya keçmiş MT nazirinin “adam olması” və Akif Çovdarovla əlbir olaraq qanunsuz əməllər törətməsi kimi ittihamları sanki mənim mövqeyim kimi yayınlayırlar. Təkrar vurğulamaq istəyirəm ki, mən Mirəhməd Abbasov tərəfindən aldadılmışam və bu istiqamətdə hüquqi mübarizəm davam edir. Ancaq həqiqətən Rafael Cəbrayılovun “MTN işi” ilə bir əlaqəsi varsa, bunu istintaq müəyyənləşdirəcək və bunun mənim müraciətimin heç bir əlaqəsi yoxdur.
Hətta sosial şəbəkələrdə guya məni müdafiə xarakterli səhifələr açaraq, Rafael Cəbrayılovun əvvəl həyat yoldaşı, sonra isə qaynanası ilə bağlı ittihamların yer alması çox təəssüfləndirici durumdur və mənimlə heç bir əlaqəsi yoxdur”.
Məlahət Qurbanova bir daha bəyan etmişdir ki, “mən pulu Mirəhməd Abbasova vermişəm və ondan da tələb edirəm. Bütün müraciətlərimdə bildirdiyim kimi, mənim deputat Rafael Cəbrayılov və qardaşı Elşən Cəbrayılovla tanışlığım yoxdur və onlara heç bir pul verməmişəm. İddiam özünü mənə deputat Rafael Cəbrayılovun şəriki və dostu kimi təqdim edən Mirəhməd Abbasova qarşıdır və mənə dəymiş zərər ödənilənə kimi də, hüquqlarımdan istifadə edərək bütün aidiyyatı orqanlara müraciət etməklə, Mirəhməd Abbasova qarşı mübarizəmi davam etdirəcəyəm”.
Məlahət Qurbanova sonunda hər kəsdən xahiş edir ki, onun sözləri kontkestdən kənara çıxarmadan, olduğu kimi verilsin.