Məleykə Abbaszadədən abituriyentlərə ÇAĞIRIŞ: Konstruktivlik, yoxsa “plan qayğısı?” – Ekspertdən İZAHAT

“DİM sədrinin bu çağırışının əsas məqsədi odur ki, daha çox abituriyent ali məktəbə qəbul ola bilsin”.

Bu fikirləri Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin abituriyentlərə müraciətində onlara birinci seçim zamanı regional ali məktəbləri və ya özəl ali təhsil müəssisələrini seçmələrini tövsiyə etməsini dəyərləndirən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Elçin Əfəndinin fikrincə, DİM sədrinin bu çağırışı abituriyentlərin marağına uyğundur:

“Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası sədrinin bu çağırışının əsas məqsədi odur ki, abituriyentlərin ali məktəblərə qəbul olmamaq ehtimalı azalsın. Yəni abituriyentlər arasında tələbə adını qazananların sayı çox olsun.

Çünki müşahidə də göstərir ki, II turda dövlət regional ali məktəbləri və özəl ali təhsil müəssisələrində boş yerlər çox olur. Bu baxımdan, Məleykə Abbaszadə abituriyentləri seçim edərkən diqqətli davranmağa çağırıb.

DİM sədrinin bu çağırışında hər hansı yalnışlıq yoxdur. Onsuz da I turda kəsilən abituriyentlər II turda yenə də dövlət regional ali məktəbləri və özəl ali təhsil müəssisələrinə üz tuturlar”.

Gülşən Şərif