Məmmədquliyev Yerevanda Dağlıq Qarabağ münaqişəsindən danışdı

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev iyunun 27-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının Ermənistanda keçirilən iclasında iştirak edib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. O bildirib ki, nazir müavini çıxışında hərbi münaqişə və davam edən işğalın regionun iqtisadi-ticarət potensialından tam istifadə etməyə imkan vermədiyini qeyd edib.

M.Məmmədquliyev bildirib ki, Ermənistanın Azərbaycanın ərazilərini işğaldan azad etməməsi və öz qoşunlarını çıxarmaması nəticə etibarilə Ermənistanın özünü ticarət, sərmayələr, nəqliyyat, enerji və digər sahələrdə regional əməkdaşlıqdan kənarlaşdırır.

Azərbaycana qarşı davam edən işğalın Ermənistanın özünü iqtisadi artım və ticarət imkanlarından məhrum etdiyini deyən nazir müavini regionda dövlətlərin bir-birilərinin ərazi bütövlüyü və suverenliyinə hörmət və beynəlxalq hüququn norma və prinsipləri əsasında regional əməkdaşlıq və ticarət münasibətləri qurmalı olduğunu diqqətə çatdırıb.

M.Məmmədquliyev Azərbaycana qarşı işğalın davam etməsinin bunun bu gün regionda mövcud olan və təəssüf doğuran reallıq olduğunu qeyd edərək məsələlərə düzgün yanaşılmasının və problemləri öz adları ilə çağırılmasının vacibliyini gündəmə gətirib.

QDİƏT-in məqsəd və məramlarının dövlətlərdən birinin digərinin ərazi bütövlüyü və təbii resurslarına iddia irəli sürmədiyi sabitlik və sülh məkanı yaratmaq olduğunu xatırladan nazir müavini Azərbaycanın heç kimə qarşı hər hansı iddiasının olmadığını, əksinə sabit, etibarlı və mehriban qonşuluğun hökm sürdüyü mühiti təmin etmək üçün sərmayə yatırımı, ticarət və qarşılıqlı faydalı əməkdaşlığa çalışdığını vurğulayıb.

M.Məmmədquliyev həmçinin QDİƏT-in ehtiyac duyduğu islahatlara, nəticə yönümlü sahəvi əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə də diqqəti çəkib.

Qeyd edək ki, 38-ci nazirlər toplantısı çərçivəsində QDİƏT-də sədrlik rotasiya qaydaları və əlifba sırasına uyğun olaraq Azərbaycana keçib. 2018-ci ilin ikinci yarısında təşkilata sədrliyi Azərbaycan Respublikası edəcək. Sədrlik dövründə Azərbaycanın prioriteti QDİƏT regionunda nəqliyyat qovşaqlarının inkişaf etdirilməsi olacaqdır. Bununla bərabər, Azərbaycan öz sədrliyi dövründə turizm, kənd-təsərrüfatı, bağlantı (connectivity) kimi sahəvi əməkdaşlığın inkişafına da xüsusi əhəmiyyət verəcəkdir. Sədrlik zamanı qeyd olunan mövzular üzrə Azərbaycanda bir sıra yüksək səviyyəli tədbirlər, seminarlar və konfransların da keçirilməsi nəzərdə tutulub. Həmçinin 2018-ci ilin sonunda Azərbaycan QDİƏT-in 39-cu Xarici İşlər Nazirləri Şurasının iclasına ev sahibliyi edəcək.

COP29