Məmmədyarov Mnatsakanyanla görüşdü

İyun 30-da Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə video konfrans formatında görüşü baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bir saat davam edən video konfransda tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini müzakirə ediblər.

Nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən infrastruktur dəyişiklikləri məsələsini qaldırıb.

Həmsədrlər son zamanlar aqressiv ritorikanın artdığını qeyd ediblər. E.Məmmədyarov Ermənistanın təxribat xarakterli hərəkətlərinin ritorikanın alovlanmasına gətirdiyini vurğulayıb.

Tərəflər qarşıdan gələn ay ərzində Minsk qrupunun həmsədrlərin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti video konfrans formatında görüşünün təşkilinə razılaşıblar. Həmçinin həmsədrlər nazirlərin birbaşa təmaslarının imkan olan ilk fürsətdə təşkili imkanlarını araşdıracaqlarını qeyd ediblər.