Məmmədyarov müharibə anonsu verdi

cm088Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Portuqaliyanın xarici işlər naziri Rui Maçete ilə görüşüb.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə portuqaliyalı nazir iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu qeyd edib. O, xüsusilə turizm sahəsində əməkdaşlıq üçün əlverişli şərait olduğunu diqqətə çatdırıb.

Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyi, eləcə də potensial sərmayə imkanları haqqında məlumat verən E. Məmmədyarov isə uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın qısa müddət ərzində davamlı siyasi, iqtisadi və sosial inkişafa nail olduğunu bildirib. Azərbaycanın Minilliyin İnkişaf Məqsədlərinin qısa müddət ərzində həyata keçirilməsi üzrə təcrübəsinin BMT-nin müvafiq strukturları tərəfindən nümunəvi hal kimi təqdir olunduğunu deyən nazir dünyada özünü biruzə verən iqtisadi-maliyyə problemlərinə baxmayaraq, ölkəmizdə qeyri-neft sektorunun dinamik şəkildə inkişaf etdiyini və bu il yüksək iqtisadi artım tempinin qeydə alındığını vurğulayıb.

Avropa Parlamentində Azərbaycanla əlaqədar qəbul edilmiş qətnamənin qəbuledilməz və qərəzli olduğunu deyən nazir bu qurumda təmsil olunan bəzi qüvvələrin məqsədyönlü şəkildə anti-Azərbaycan və İslamofobiya meylli siyasət yürütdüklərini söyləyib.

Daha sonra miqrasiya və beynəlxalq terrorçu şəbəkələrə qoşulan əcnəbi döyüşçülərlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Portuqaliyalı nazir miqrantların qəbulunun, xüsusilə onların cəmiyyətə inteqrasiya edilməsi, təhsil və səhiyyə kimi əsas ehtiyaclarının təminatının problemli məsələ olduğunu nəzərə çatdırıb.

Nazir E. Məmmədyarov bu problemlərlə mübarizənin əsas yollarından birinin multikulturalizmin təşviq edilməsi olduğunu qeyd edib və Azərbaycanın bu sahədə mövcud müsbət təcrübəsi barəsində məlumat verib.

Görüş zamanı E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barəsində danışaraq, Ermənistanın təcavüz və işğala əsaslanan qeyri-konstruktiv siyasəti nəticəsində münaqişənin həllində irəliləyişin olmadığını nəzərə çatdırıb. Ermənistanın təcavüzkar və ilhaqçı siyasətinin bütün regionu yeni fəlakətlər astanasında qoyduğunu qedən nazir əlavə edib ki, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin tələblərinə uyğun olaraq, Ermənistanın qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır(azvision).