!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Məmur sahibkarlığı aradan qaldırılmasa...” - Yoxlamaların dayandırılmasına skeptik reaksiya

!Reklam – Yazi

“Dövlət vəzifəsində oturub, bizneslə məşğul olmasınlar”.

Yenicag.az xəbər verir ki, prezident İlham Əliyevin təşəbbüsü ilə 2015-ci ilin oktyabrında Milli Məclisdə qəbul edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun fəaliyyət müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur.

Bu barədə mətbuata açıqlama verən millət vəkilləri Əli Məsimli və Vahid Əhmədov sözügedən təşəbbüsün sahibkarlığın inkişafında əlavə stimul olacağını vurğulayıblar. Onların fikrincə, bu addım sahibkarların öz vaxtlarını məmurlarla mübahisəyə yox, fəaliyyətlərini genişləndirməyə sərf etmələrinə imkan yaradır.

Mövzu barədə Yenicag.az-a danışan sabiq millət vəkili, iqtisadçı Nazim Bəydəmirli yoxlamaların dayandırılmasını müsbət qiymətləndirsə də, “məmur sahibkarlığı”nın aradan qaldırılmayacağı təqdirdə, bu addımın effektli olacağına inanmadığını deyib:

“Əslində, bu addımı müsbət qiymətləndirmək vacibdir. Çünki cənab prezidentin də qeyd etdiyi kimi, 16-dan çox dövlət qurumu tərəfindən sahibkarlıq subyektlərində aparılan o yoxlamaların əksər hissəsi marginal maraqlara xidmət edirdi.

Nazim Baydəmirli

Yəni sahibkara dəstək xarakteri daşımayan o yoxlamalar həmin dövlət qurumlarının şəxsi və maddi maraqlarını təmin etmək üçün bir fürsət idi. O baxımdan, sahibkar ciddi psixoloji təzyiq altına düşürdü.

Sahibkar o qurumların fəaliyyətindən, tərtib olunan aktların ləğvi ilə bağlı məhkəmələrə şikayət etdikdə dövlət maşını ilə üs-üzə qalır.

Aydın məsələdir ki, belə hallarda dövlət qurumları öz maraqlarını müdafiə etmək üçün geniş inzibati resurslardan faydalanırlar və bu zaman kiçik, orta, hətta iri sahibkarlar da onlarla baş-başa gələ bilmirlər. Çünki bu zaman yaranan vəkil, audit və məhkəmə xərcləri sahibkara əlavə ziyan vurur.

Ancaq yoxlamaların müvəqqəti də olsa – əvvəl 2 il müddətinə, indi isə 2021-ci ilə qədər dayandırılması müsbət haldır. Bununla yanaşı, o da qeyd olunmalıdır ki, həmin addım heç də sahibkarın problemlərini tam həll etmir.

Yəni sahibkar yoxlamalar dayandırılsa da, gələcəkdə daha böyük problemlə üzləşməyəcəyinə heç də ümid etmirlər. Ümumiyyətlə, sual yaranır, vergilər istisna olmaqla, bu yoxlamalar niyə aparılmalıdır?

Sahibkar daha çox maariflənməlidir. Çünki sahibkar da baxıb görür ki, o birilər müxtəlif vəziyyətlərdən yararlanaraq, həm vergidən və sosial ödənişlərdən yayınır, həm də ki bazarı öz inhisarlarına götürüblər.

O baxımdan, Azərbaycanda inhisarlaşma və məmur sahibkarlığı aradan qaldırılmasa, bu işlər düzələn deyil. Hökumət bunu birdəfəlik bilsin ki, məmur sahibkarlığı olan yerdə istənilən yoxlamalar, bayaq da qeyd etdiyim kimi marginal xarakter daşıyacaq, müxtəlif şəxslərin özəl və biznes maraqlarına xidmət edəcək.

Ona görə də bu tip sahibkarlıqla məşğul olan insanların – nazirlər və ya komitə sədrlərinin – dövlətə və cənab prezidentə ən yaxşı köməkləri bu ola bilər ki, tutduqları dövlət vəzifələrindən istefa verərək, öz bizneslərinin başına keçsinlər.

Biznes fəaliyyətlərini davam etdirsinlər, şəraitlərini yaxşılaşdırsınlar və dövlətə daha çox vergi ödəsinlər. Başqa sözlə, dövlət vəzifəsində oturub, bizneslə məşğul olmasınlar. Bu, baş verməsə, köklü dəyişiklik də olmayacaq”.

A. Zeynalov

www.yenicag.az

1887
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv