“Sürət və sərnişin qatarlarında gediş haqqının heç bir iqtisadi əsas olmadan artırılmasını idarəetmədəki mənfi halları, idarə xərclərini maya dəyərinə yükləməklə dolayısı ilə onu vətəndaşlardan çıxarmaq təşəbbüsü kimi qiymətləndirirəm. Bu isə doğru yanaşma deyil”.
Bu sözləri Yenicag.az-a açıqlamasında ölkədaxili sürət və sərnişin qatarlarında 3 gündən sonra gediş haqqı qiymətlərinin bahalaşmasına münasibət bildirərkən , sabiq millət vəkili, iqtisadçı ekspert Nazim Bəydəmirli deyib:
“Təbii ki, istənilən qiymət artımı, xüsusilə də təbii inhisarçı rolunda çıxış edən dövlət şirkətləri tərəfindən edilən bu tip artımlar əsaslandırılmalıdır. Nə baş verib və xidmətin keyfiyyətinə nə qədər uyğunlaşdırılıb ki, sürət və sərnişin qatarlarında belə qiymət bahalaşması baş verir? İstənilən qiymət artımları təbii ki, istehlakçılar tərəfindən mənfi qarşılanır. Həmçinin, bu tip artımların həmişə zəncirvari reaksiyası olur, anoloji situasiya digər sektorlarda da özünü büruzə verir. Ona görə tövsiyə edərdim ki, belə qiymət artımlarına həssaslıqla yanaşılsın. Həmçinin, iqtisadi cəhətdən əsaslandırılmalıdır. Hər halda bu kimi hərəkətlər hər hansı bir sahə rəhbərinin şəxsi təşəbbüsü olmamalıdır”.
Ekspert düşünür ki, bu qiymət artımı əhalinin vəziyyətinə pis təsir edəcək:
“İndiki zamanda baş verən qiymət artımları əhalinin vəziyyətinə mənfi təsir göstərir. Audit yoxlaması baş versəydi, tərəfsiz audit tərəfindən valyutanın kursunda dəyişikliyin olması, xaricdən alınan ehtiyat hissələrinin qiymətinin bahalaşması əsaslandırılsaydı bu kimi qiymət artımlarını başa düşmək olardı. Ancaq qatarlarda gediş haqqının artırılması fonunda yuxarıda sadaladığım halların heç biri baş verməyib. İki il ərzində valyutanın kursu eyni olaraq qalır. Daxildə insanların əmək haqları kifayət qədər artmayıb. Ona görə də sürət və sərnişin qatarlarında gediş haqqı tarifinin artması ancaq və ancaq səmərəsiz idarəetmənin nəticəsidir. Səhlənkarlıq fonunda maya dəyəri xərclərinin artmasını dolayısı ilə sadə vətəndaşlardan çıxarırlar. Ona görə də bu tip qiymət artımlarını mənfi qarşılayıram”.
Qeyd edək ki, iyulun 27-dən etibarən ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarında gediş haqqı tariflərində edilən dəyişikliyə əsasən gediş haqqı orta hesabla 10 faiz artırılacaq. Bu barədə məlumat verən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, sözügedən bahalaşma plaskart və kupe vaqonlarda alt və üst yerlərə və SV tipli vaqonlara olan tələbatın tənzimlənməsi məqsədilə atılır.
ELÇİN