“Məmurlar Azərbaycanda partlayış hazırlayır” – VƏZİYYƏT CİDDİDİR – İDDİA

Bir sıra dövlət qurumlarının üzərilərində olan borcları dövlətə yönləndirmək cəhdi narazılıq doğurub.

Yenicag.Az xəbər verir ki, Beynəlxalq Bankın 3,3 milyard dollar həcmində olan xarici borclarının restrukturizasiya edilməsi (borc öhdəliyinin dövlətə ötürülməsi) qərarı digər dövlət qurumlarını bu praktikadan yararlanmağa həvəsləndirib.

Məlumata görə, bu sırada daha cəld tərpənən “Azərbaycan Dəmir Yolları” ASC üzərindəki borclardan xilas olmaq üçün artıq hərəkətə keçib. Qeyd olunur ki, bu məqsədlə beynəlxalq ekspertləri işə cəlb etməyə hazırlaşan “Azərbaycan Dəmir Yolları” ASC-nin rəhbərliyi öz həmkarlarına özünəməxsus presedent yaratmaqdadır. Digər xəbərə əsasən, SOCAR, AZAL, “Azərenerji”, “Azərsu” və başqa nəhəng dövlət şirkətləri də sözügedən təcrübəyə əl atmaq niyyətindədirlər. Adları çəkilən qurumların hər birinin ayrılıqda milyardlarla manat borc öhdəliyinin olduğunu nəzərə alsaq, bu gedişatın dövlətə və vətəndaşlara necə baha başa gələ biləcəyini təsəvvür etmək mümkündür.

Bu tendensiya haqqında Yenicag.Az-a danışan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib ki, açıq korrupsiya ilə məşğul olan məmurlar ölkəni partlayışa sürükləyirlər:

“Bu barədə nə qədər danışırıq, yenə də bir çox nazirlər və məmurlar üçün öz şəxsi büdcələri dövlət büdcəsindən daha müqəddəsdir. Onlara vəzifə verilib ki, rəhbərlik etdikləri sahələrdə normal iş görsünlər. Ancaq məmurların əksəriyyəti bu səlahiyyətlərindən yalnız ciblərini doldurmaqdan ötrü istifadə edirlər. Onlar dövlət büdcəsini bu qədər çapıb-talayırlar, dağıdırlar ancaq gözləri doymur ki doymur.

Siz də bilirsiniz ki, Ziya Məmmədova qarşı Amerikada cinayət işi açılıb, ortada 50 milyon dollarlıq korrupsiya ittihamı var. Beynəlxalq Bankdan milyardlarla dollar həcmində dövlət vəsaiti oğurlandı. Bunların harınlığına baxın ki, o pulların yerinə qoyulan vəsaitləri də yeyib-dağıtdılar.

Bir çox nazirlər, yaxud da Komitə sədrləri öz çevrələrində onlarla şirkət yaradıblar. Tenderləri onlara verirlər, dövlət xətti ilə alınan kreditləri də öz adamları arasında bölüşdürürlər. Sonra oğburladıqları vəsaitləri dövlətin üzərinə yükləyirlər, nəticədə o pullar xalqın dərisindən çıxarılır. Bu talançılığa dövlət davam gətirər? Tam ciddi deyirəm, bu, olduqca təhlükəli haldır.

İnandırım sizi, vəziyyət çox gərgindir və belə davam edə bilməz. Bu yaramaz məmurların əsas işləri ölkədə partlayış yaratmaqdır. Hesab edirəm ki, cənab prezident bu vəziyyətə təcili müdaxilə etməlidir. Prezident onları vəzifəyə təyin edib ki, iş görsünlər, onlar da dövlət başçısını aldatmaqla məşğuldurlar.

Mənə çatmır, prezidentin maliyyə-iqtisadi məsələlər üzrə müşavirləri bu vəziyyətlə bağlı dövlət başçısına həqiqi məlumatları niyə çatdırmırlar? Bütün bu məsələlərə aydınlıq gəlməlidir. Prezident sanki tək qalıb, komandasına götürdüyü məmurların çoxu ona nəinki dəstək vermir, əksinə təxribatla məşğuldurlar.

Mən indi ad çəkmək istəmirəm. Ancaq yaxın günlərdə geniş bir brifinq keçirib real vəziyyət haqqında, təxribatla, talançılıqla məşğul olan məmurlar barəsində sözümü deyəcəm”.

A.Zeynalov
Yenicag.Az

COP29