!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məmurlar üçün Qazax nümunəsi... - Eşitdiklərim, oxuduqlarım, gördüklərim

!Reklam – Yazi

Azərbaycanda məmur-vətəndaş münasibətlərinin durumu bütün dövrlər üçün aktual olub. 

İstər Sovetlərin dövründə, istərsə də müstəqilliyin bərpasından ötən müddət ərzində səlahiyyət, eyni zamanda məsuliyyət sahibi olan bütün səviyyəli məmurların iş qabiliyyəti və vətəndaşlarla davranışı xüsusi əhəmiyyət kəsb edib. O baxımdan, hətta yarım əsr əvvəl işləmiş bir nazir və “raykom” katiblərinin indiyə kimi xatırlanması, onlardan bir qisminin rəhmət, digərlərinin isə lənətlə anılması təəccüb doğurmur. 

Yəni bir insanın fərd olaraq, həyatı boyu etdiyi hərəkətlər onu tanıyanların yaddaşına həkk olunduğu qədər də məmurların özlərindən sonra qoyduqları “iz” onların fəaliyyəti, insanlara münasibəti formalaşdırır. Bu gün də müəyyən problemlərlə üzləşən yaşlı vətəndaşlar 50 il əvvəl öz xalqına namus və vicdanla xidmət etmiş məmuru xiffətlə xatırlayaraq, “O kişi indi işləsəydi, biz bu vəziyyətə düşməzdik”, – deyirlər. Yaramazlığı ad çıxaran məmurlar barəsində isə “Allah onun kimilərinin yolunu biz tərəfdən salmasın”, deyə dua edirlər. 

Təəssüf ki, hazırda əhalinin dərin nifrətini (bəlağətsiz) və cəhənnəm haqqını bu dünyada qazanan yetərincə icra başçısı var. Bilikləri, intllektual səviyyələri və davranış tərzləri tutduqları məsuliyyətli vəzifəyə qətiyyən uyğun gəlməyən rayon icra başçılarının heyrət doğuracaq qədər uzun siyahısını tuta bilərik. O məmurlar fədakarlıq bir yana, heç olmasa, dövlətə və xalqa minimum dərəcədə normal xidmət göstərsələr, ictimai narazılıq inanın ki, bu həddə çatmazdı.  Ancaq vəzifəyə təyin olunan andan özlərini “kiçik padşah” elan edən o məmurlar ilk addımlarından etibarən, əhaliyə qənim kəsilirlər. Bölgələrdən Prezident Administrasiyasına, həmçinin də mediaya axını kəsilməyən şikayət məktubları yerlərdə vəziyyətin necə acınacaqlı olduğunu təsdiqləyir. Bu narazılığın sonu isə bəzən arzuedilməz hadisələrlə nəticələnir.

Ancaq əlamətdar haldır ki, bu qədər icra başçısı arasında sayları az olsa da, millətə xidməti öz kredosuna çevirən rayon rəhbərləri də var. Onların fəaliyyəti sözün bütün mənalarında digrlərinə örnək sayıla bilər. Bu sırada öz işi və çalışqanlığı ilə seçilən, tutduğu məsuliyyəti dərk edən, əhalinin problemlərinə öz şəxsi məsələsi kimi yanaşan Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov nümunəsini qeyd etməmək olmur. 2016-cı il mayın 19-da icra başçısı vəzifəsinə təyinat alan Babaşov  öz insanlığı və fəaliyyəti ilə Qazax camaatının dərin rəğbətini qazanıb. Artıq iki ildir, rayon əhalisi problemlərinin həllinə dəstək almaq,  dərdlərini demək üçün icra başçısının şəxsində konkret ünvan tapıblar. Uzun illər boyu rayonun keçmiş rəhbərlərinin özləri və əhali arasında yaratdığı dəmir divarı aşa bilməyən qazaxlılar bu gün asanlıqla Babaşovun  qəbuluna düşərək, sözlərini deyə bilirlər. Hətta problemi olan kənd sakinlərinin rayon mərkəzinə gələrək, başçısının qəbuluna düşmələrinə də ehtiyac qalmayıb – Babaşov özü müntəzəm olaraq camaatın arasındadır və sakinləri hər zaman dinləyir. İcra başçısı hətta ucqar kəndlərdən edilən şikayətləri yerində araşdırmaq üçün şəxsən müraciət olunan kəndlərə yollanır. Qazaxda sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılması, iş adamlarının “haqq”a oturdulması və digər neqativ hallardan söhbət gedə bilməz. Bütün bu faktlar Qazaxla bağlı müşahidələrə və yerli əhalidən alınan səhih məlumatlara əsaslanır. 

Babaşovun aktivinə yazılan və onu digər icra başçılarından fərqləndirən cəhətlərdən biri də Azərbaycanın ədəbi-mədəni mərkəzlərindən biri hesab olunan Qazax rayonunda ziyalı mühitinin canlanmasına xüsusi diqqət yetirməsidir. Azərbaycan və rayon əhəmiyyətli bütün əlamətdar tarixlərin, yubileylərin yüksək səviyyədə qeyd olunması Qazax üçün xarakterik hala çeüvrilib. Təşkil olunan həmin mərasimlərə yerli fəallarla bərabər, Bakıda və digər bölgələrdə yaşayan tanınmış qazaxlı ziyalıların dəvət olunmaları sonuncuların doğulduqları rayonla bağlarının daha da möhkəmlənməsinə töhfə verən müsbət addım hesab edilir. Son olaraq, Xalq Cümhuriyyətinin və Milli Ordunun 100-cü ildönümü münasibətilə rayonda təşkil olunmuş tədbirləri göstərə bilərik. 

Qazaxın sosial-iqtisadi və ictimai-siyasi, ədəbi həyatında baş verən bu müsbət dəyişiklikləri ölkənin nüfuzlu ziyalıları da etiraf və təqdir edirlər. Xalq şairi Sabir Rüstəmxanlının bu yaxınlarda Qazaxa səfərindən sonra qələmə aldığı irihəcmli məqaləsində rayondakı dəyişikliklərdən məmnunluqla bəhs olunur. Sabir bəy həmin yazısında qeyd edir ki, Qazax sakinləri yeni başçı gələndən sonra rayonda rüşvətin kökünün kəsilməsindən şövqlə danışırlar. Sabir Rüstəxanlı kimi prinsipial ziyalının boğazdan yuxarı danışmadığını isə bilməyən yoxdur. Sabir bəy yazır:

“Düzgünlüyün, xalqa sayğının, hər bir vətəndaşın qapısını döymək, hər bir ehtiyacı olana dayaq durmaq qayğıkeşliyinin nə qədər ciddi bir iqtisadi, mənəvi, psixoloji dəyişiklik yaratdığını müşahidə etmək baxımından bugünkü Qazax doğrudan da bir nümunədir. Bunu yazmaq mənə xoşdur və pisə pis dediyimiz kimi yaxşıya yaxşı demək də borcumuzdur. Qazax rayon icra başçısı ilə söhbətimiz zamanı mən camaatın razılığının səbəblərini anladım. 

Rəcəb müəllim iki qonşu dövlətin sərhədində yerləşən rayonda ilhamla, xalqa hörmətlə, yaradıcılıq eşqi ilə çalışır… Görülən işlər, rayonun inkişafı ilə bağlı planlar, doğrudan da, yerlərə kadrların düzgün seçilməsinin nə qədər vacib olduğunu göstərir. Ümid edirik ki, Qazaxın nümunəsi başqa rayonlarımıza da yayılar”.

Həqiqətən də, Qazax son 1-2 ildə tək məzmun yox, həm də forma baxımından xeyli dəyişib. Genişmiqyaslı abadlıq-quruculuq işləri Qazaxı nəhəng tikinti meydançası haləna gətirib. 3-4 il əvvələ qədər rayon mərkəzinin mərkəzi küçələri belə baxımsızlıqdan acınacaqlı vəziyyətə düşdüyü halda, hazırda hətta şəhər kənarındakı ara küçələr də keyfiyyətli şəkildə asfaltlanıb. Küçələrdə işıqlandırma sistemlərinin qurulması axşam və gecə saatlarında Qazaxı çıraqbana döndərir. Qazax həm də Azərbaycanın “Qərb qapısı”dır, düşmən Ermnistanla sərhəddir. Rəcəb Babaşovun sərhədyanı kəndlərə xüsusi nəzarətdə saxlaması isə həmin yaşayış məntəqələrinin sakinlərində dövlətə güvən hissini gücləndirir.  

Lakin bütün hallarda Rəcəb Babaşovun yuxarıda ətraflı bəhs olunan müsbət işlərinə kölgə salmaq cəhdlərinə də rast gəlinir. Bu da başadüşüləndir. Keçmiş rəhbərlərin Qazaxda yaratdıqları “intriqa maşını” hələ də işləməkdədir. O “maşın”ı hərəkətə gətirənlərə ən tutarlı cavabı isə Fizika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar şöbəsinin müdiri, “Qazax Xeyriyyə” İctimai Birliyi İdarə Heyətinin üzvü Yusif Alıyev (Afşar) verib:

“Dahilərdən hansısa deyib ki, həqiqət ən iti qılıncdır. Həqiqətən də bu gün icra başçısı Rəcəb Babaşov Qazağı respublikamızın ən inkişaf etmiş şəhərlərindən birinə çevirmək istiqamətində çalışır. Qazaxın Baş planına uyğun olaraq rayonda böyük işlər görülür. Şəhərdə, kəndlərdə istehsalat sahələri, iaşə obyektləri, təsərrüfat subyektləri gündən-günə böyüyür ki, bu da əhalinin maddi rifah halını yaxşılaşdırır, yeni iş yerləri açılır. Təbii ki, bu da ölkə Prezidenti cənab İlham Əliyevin regionlarla bağlı həyata keçirmək istədiyi böyük işlərin əsasıda dayanır. Tanrı bu yolda Prezidentimizə və icra başçımıza kömək olsun. Qədirbilən qazaxlılar da həmişə bu işlərə dəstək olub daim yaxşı əməllərə çiyin verib başlanmış işlərə kömək edəcəklər. 

Mən şəxsən çox sevinirəm ki, bizim Qazağa belə bir başçı rəhbərlik edir. Rəcəb Babaşov Qazağa başçı təyin olunduğu gündən “bütün qazaxlılar mənim üçün çox doğma və əzizdir. Qazaxın qadınları mənim anam, bacılarım və qızlarımdır”, – dedi. Qısa müddət ərzində Qazaxda həyata keçirilən həm sosial layihələr, həm iqtisadi inkişaf, həm maddi rifah halının yaxşılaşdırılması istiqamətində böyük işlər aparan başçı,əziz qazaxlılar, hələ görəcəyimiz işlər öndədir, – deyərək bizi daha da uğurlara səsləyir”. 

Qazaxa və qazaxlılara icra başçısını sevdirən ən önəmli məqamlardan biri isə ilk iclasda dediyi bu sözlər olub: “Qazaxlının anası anam, bacısı bacımdır”. 

Belə bir nümunədən sonra yazının sonunda qeyd etməyi lazım bilirik ki, istənilən səviyyəli məmurlar özləri özlərini sözün tam mənasında hədəfə gətirilər. Kimi ictimai rəğbətin, kimisə nifrətin…

Birincinin ikincidən daha münasib olduğunu isbatlamağa isə ehtiyac yoxdur…

Əhalini sevin ki, onlar da sizi baş tacı etsin. 

İsmayıl Yusifoğlu

www.yenicag.az

3186
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv