Prezident İlham Əliyev məmurlara xarici avtomobillərdən düşüb, Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsalı olan “LİFAN”a minməyi tövsiyə etdi. Bu avtomobillərin qiyməti markasından asılı olaraq 7-22 min manat civarındadır.
Yenicag.az xəbər verir ki, “Bizim yol” qəzeti Dövlət Statistika Komitəsinin saytında büdcədən xidməti avtomobillərin alınmasına vəsait ayrıldığı barədə statistikanı araşdırıb. Məlum olub ki, belə bir statistika mövcud deyil. Sadəcə ölkədə olan minik avtomobillərinin illər üzrə sayı verilib, onların arasında təkcə şəxsi minik avtomobilləri ayrıca göstərilir.
Buradan bəzi ipucları əldə etmək olar. Məsələn, 2014-cü ildə 1,100,124 minik avtomobilinin 1,048,094-ü şəxsi minik avtomobili olub. 52,030 avtomobilin də xidməti və şirkətlərə aid olduğunu bizə güman etmək qalır. 2000-cı ildə 332,026 minik avtomobilindən 319,297-si şəxsi, 12,729-u qeyri-şəxsi olub. 2001-2005-ci illərdə çox da sürətli olmayan artan templə qeyri-şəxsilərin sayı 12,250-dən 15,268-ə çatıb. 2006-cı ildə birdən-birə iki dəfəyə yaxın artım qeydə alınıb – 23,631 ədəd. Bu say 2007-ci ildə 27,555, 2008-ci ildə 31,493, 2009-cu ildə 33,360, 2010-cu ildə 36,025, 2011-ci ildə 38,850, 2012-ci ildə 42,163, 2013-cü ildə 43,777, 2014-cü ildə 52,030 olub. Keçən ilə dair məlumat yoxdur.
Qəzet iddia edir ki, məmurlar çox bahalı avtomobilləri tenderdə almırlar, daxili müqavilə ilə götürürlər. Buna sübut Satınalmalar Üzrə Dövlət Agentliyinin keçirilmiş müsabiqələrin reyestr məlumatlarıdır. Aparılan araşdırmalarda məlum olub ki, 2010-2014-cü illərdə 36,025-dən 52,030-ə qədər artan qeyri-şəxsi avtomobilə qarşı cüzi sayda tender keçirilib.
Məsələn, 2010-cu ilin baza məlumatlarına görə Maliyyə Nazirliyinin Cəlilabad rayon Maliyyə İdarəsi “Performance Center Co” MMC-dən 15,000 manatlıq nəqliyyat vasitəsi alıb. Nazirliyin Şabran və Ağdam rayon idarələri də eyni qiymətə, eyni şirkətdən nəqliyyat götürüblər.
Binəqədi Rayon İcra Hakimiyyəti 15,480 manata Şəfiyev Şahin adlı fiziki şəxsdən, Əmlak Məsələləri Dövlət Komitəsinin “Hyundai Avto Azerbaijan” MMC-dən 29,900 manata nəqliyyat vasitəsi aldığı yazılır.
Səhiyyə Nazirliyi Qubadlı Rayon Mərkəzi Xəstəxanası “Performance Center Co” MMC-dən 16,000 manata avtomobil alıb.
Qax Rayon İcra hakimiyyəti 35,000 manata Elnur Mustafayevdən nəqliyyat götürüb.
Təhsil Nazirliyi Müəllimlər İnstitutu Gəncə Filialı 18,000 manata “Mx-Co” MMC-dən maşın alıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Okean Avto” MMC-dən 29,492 manatlıq alış-veriş edib.
Abşeron Rayon İcra Hakimiyyəti fiziki şəxs Vüqar Hüseynovdan 68,300 manat, “Flaqman A” MMC-dən də 49,980 manat dəyərində nəqliyyat vasitələri satın alıb.
Dövlət Yerquruluşu Layihə İnstitutunun “Qrand Motors” MMC-dən əldə etdiyi nəqliyyat vasitələrinin dəyəri 287,635 manatdır.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Ramiz Mirzəyevdən 24,750 manata avtomobil alıb.
Maliyyə Nazirliyi Qusar Rayon üzrə Maliyyə İdarəsi “Performance Cenlr Co” MMC-dən 15,000 manat “Chevrolet” Niva avtomobili əldə edib. Zərdab rayon İH də həmin şirkətdən bu maşından alıb.
İdarə və təşkilatlar daha çox avtomobillərin ehtiyat hissələri, təmirinə pul sərf edib, bir də onların sığortasına. Bunların bəziləri bazada əksini tapıb. Məsələn, Mərkəzi Bank əsas vəsaitlər, nağd pul və nəqliyyat vasitələrinin sığortalanmasını 234,995 manata “Paşa Sığorta”ya həvalə edib. MB nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsinə də “Urud” firmasına 123,000 manat verib. Nəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması çox vaxt nəqliyyatın özündən baha-başa gəlib. “Bakıelektrikşəbəkə” ASC “Sintez” MMC-dən 604,152 manatlıq avtomobil hissəsi alıb.
Daxili İşlər Nazirliyi 451,705 manatlıq avtomobil ehtiyat hissələri, 403,805 manatlıq da avtomobil şinləri alıb və beləliklə 855,510 manat ehtiyat hissələrinə gedib.
Vergilər Nazirliyi 22 min manatlıq avtomobil yağı alıb, amma nə vaxt avtomobil alıb, tender məlumatı yoxdur. Qəzet təkcə bir ildə ehtiyat hissələrinə xərclənən pulları hesablayıb. Məlumata görə, müxtəlif təşkilatlar ehtiyat hissələrinə 2,722,307 manat xərcləyib. Amma nəzərə alsaq ki, idarə və təşkilatların çoxu satınalmanı dövlət qurumunun xəttilə aparmır, müqavilə ilə həll edir, bu rəqəmin dəfələrlə çox olduğunu düşünmək olar.
Tenderlərin məzmunundan belə görünür ki, dövlət qurumlarında ucuz avtomobilləri rəsmiləşdirib, bahalı avtomobillər üçün hissələr alırlar. Üst-üstə götürəndə tenderlərdə alınan avtomobilin dəyəri, hissələrə xərclənən vəsaitlərdən azdır – 658,315 manat nəqliyyat vasitəsinə qarşı 2,722,307 manatlıq ehtiyat hissəsi.
“Azərsu” ASC bir ildə 6,630,618 manatlıq xidməti və xüsusi təyinatlı maşın alıb. 2011-ci ildə “Revanş” MMC adlı şirkətdən 209,654 manatlıq “KİA Sportage” avtomobilləri alınıb. Bu avtomobillərin Azərbaycanda rəsmi distribütoru eyniadlı şirkətdir, “Revanş” MMC-nin isə internetdə boş bir “Facebook” səhifəsindən başqa haqqında məlumat yoxdur. “Grand Motors” MMC-dən də 1,000,074 manatlıq minik və yük avtomobili əldə edilib. Sonra təzədən “Grand Motors” MMC, “AS Texnika” MMC, “Gəncə Avtomobil Zavodu” İB, “İmprotex Truck and Buses” MMC-yə də 5,420,890 manatlıq bir sifariş verməklə su təchizatı və kanalizasiya sisteminin istismarına tələb olunan xüsusi təyinatlı maşın və mexanizmlər satın alınıb. Sonrakı ildə “Toyota” avtomobilinin alınması da yenə 56,451 manata (“Revanş” MMC) başa gəlib. 2013-cü ildə də 70 min manat, daha sonra 59,000 manata “Toyota Avalon” markalı avtomobil alıb.
2013-cü ildə Ədliyyə Nazirliyi Penitensiar xidməti 45,430 manata “Toyota Highlander” avtomobili əldə edib. Manat nüfuzdan düşmədən əvvəl bu qabaritli avtomobil həmin civarda idi. Lyuks avtomobildir.
Gənclər və İdman Nazirliyi 145,000 manata nəqliyyat vasitələri icarəyə götürüb.
Dövlət Sosial Müdafiə Fondu minik avtomobillərinə 552,249 manat sərf edib.
DİN 235,281 manatlıq ehtiyat hissəsi, 64 min manatlıq da “Niva” markalı avtomobil alıb. Daha sonra yenə avtomobil ehtiyat hissəsi “İlqar-MR” MMC-yə düz 500,851 manatlıq tender qazandırıb. Bu firmanın adı “dövlət qurumlarından iri məbləğdə tender götürənlərin siyahısı”ndadır. Nazirlik 171,690 manata şin və akkumulyator batareyaları, 339,984 manata da sürtkü materialları alıb. Əlavə olaraq yenə 624,182 manat şinlərə, müxtəlif adda ehtiyat hissələrinə də 800,709 manat (“Muravto” MMC) xərcləyib.
Bakı Metropoliteni iki “Kia Optima” və bir “Toyota Lexus” markalı avtomobilə 213,580 (“Duet” firması) manat verib. Avtomobilin birinin qiyməti 71,193 manatdır.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi belə “Nurgün Avto” MMC-dən 34,200 manata avtomobil alıb.
Dövlət Sərhəd Xidməti 787,428 manata minik avtomobilləri, zirehli və inşaat texnikaları üçün avtoşinlər, 200,927 manata minik, 339,984 manata da yük avtomobillərinə ehtiyat hissələri alıb.
Səhiyyə Nazirliyi “Mercedes Vito” və “Mercedes Sprinter” markalı təcili yardım avtomobillərinə ehtiyat hissələri və kuzov şüşələrinə 235,955 manat sərf edib.
“Meliorasiya və Su Təsərrüfatı” ASC minik avtomobillərinə 295,000 manat, kiçik tonnajlı yük avtomobillərinə də 522,500 manat (“Grand Motors” MMC) xərcləyib.
2014-cü ildə Hesablama Palatası “Toyota Bakı Mərkəzi” MMC və “Lexus Bakı” MMC-dən 200,000 manatlıq nəqliyyat vasitələri alıb.
Dövlət Sərhəd Xidməti 7 ədəd Niva “Chevrolet” avtomobili üçün “Performance Center co” MMC-yə 94,380 manat ödəyib.
Ötən il İqtisad Universitetində 73,800 manata nəqliyyat vasitəsi alınıb.
MB yenə “Paşa Sığorta”da 271,445 manatlıq sığorta aparıb, 400,219 manat bir dəfə, 336,528 da sonra nəqliyyat vasitələrinə texniki xidmətin göstərilməsinə sərf edib.
“Təmiz Şəhər” ASC şinlərə 292,014, digər ehtiyat hissələrinə də 291,000 manat xərcləyib.