“Mən Ağdamda ölmək istəyirəm, döyüşüb şəhid olmaq istəyirəm, burada ölmək istəmirəm”

Əfsanəvi Qarabağ döyüşçüsü, Ağdamın, Qarabağın müdafiəsində böyük döyüş yolu keçmiş Hacı Əkbər Rüstəmov fevralın 13-də “Yeni Müsavat”a abunə kampaniyasına qoşulmaq üçün redaksiyamıza gəldi.

Ağdamın, Qarabağın müdafiəsində qəhrəmanlıq nümunələri ortaya qoymuş, öz oğulları Sarvan, Kənan və Sənanla birlikdə işğalçılara qarşı bir yerdə döyüşmüş, Sənanı şəhid vermiş keçmiş komandirin gəlişi onunla söhbətləşməyimiz, xatirələrini bölüşməyimiz üçün həm də bir fürsət oldu.

 

Gəlişinin əsas məqsədi çap mediasına, “Yeni Müsavat” dəstəyini ifadə etmək olduğu üçün ilk sualımız da media ilə bağlı oldu.

– Əkbər bəy, Azərbaycan mediasını, mətbuatı izləyirsinizmi?

– Mən hələ SSRİ dövründən mütəmadi qəzet oxuyan olmuşam. Hətta bir dəfə evimizdə söhbət ev oğrularından düşmüşdü. Uşaqlara dedim ki, bizim evə oğru girsə evdə oğurlamağa bir şey tapmayacaq və məni söyəcək. Qızım dedi ki, ata niyə bir şey tapmayacaq ki, bizim də varımız var. Dedim qızım hardadır o var dövlət? Cavabında bildirdi ki, evimizdəki qəzetlər, kitablar var dövlətdir. Yəni bizim evimizdə həmişə qəzetlər, kitablar olub. İndi də bu cürdür. Sovet dövründə qəzetlərə daim abunəçi idim. Müstəqilliyimizi əldə etdikdən sonra indiyə qədər “Yeni Müsavat” qəzeti daim oxuduğum sevimli qəzetimdir. Digər mətbu orqanları da izləməyə çalışıram. İndiyə qədər “Yeni Müsavat”ı daim alsam da rəsmi abunəçisi deyildim. Bundan sonra abunəçisi kimi əldə edəcəyəm.

– Əkbər bəy, Siz keçmiş döyüşçüsünüz. Ümumiyyətlə döyüşçüyə “keçmiş döyüşçü” demək olarmı? Bu terminə necə baxırsınız?

– Vallah o qədər forma deyirlər. Bəziləri veteran deyir, bəziləri döyüşçü, bəziləri komandir deyir.

– Özünüzü hansı ünvanda-hansı adla çağırılanda daha rahat hiss edirsiniz?

– Eləcə adımı çağıranda sevinirəm. Mənə sadəcə Əkbər deyiləndə xoşum gəlir.

– Müharibə veteranının, qazinin həyatı necə keçir? Gündəlik işiniz necədir, nə ilə məşğul olursunuz? Siz əfsanəvi döyüşçüsünüz, haqqınızda filmlər çəkilib, özünüz bir neçə kitabın müəllifisiniz, şəhid atasısınız. Çoxsaylı şərəfli titulların daşıyıcısı olan Əkbər Rüstəmovun həyatı necə keçir?

“Əsgər dönüb gedəndən dərhal sonra bir də gördüm ki, briqada komandiri Raqub Orucov qaça-qaça gəlir”
– Əvvəlcə onu deyim ki, şəhidlər vətənimizin əmanətidir, xalqımızın qürur yeridirlər. Kimliyindən asılı olmayaraq hər kəs onların qarşısında baş əyməlidir. İkincisi, şəhid valideynlərinə diqqətli olmaq hər birimizin borcudur. Biz şüurlu surətdə vətənin müdafiəsinə qoşulmuşuq. Bu günkü həyatımın necə keçdiyinə gəlincə, sadə bir həyat tərzi yaşayıram.

– Dövlətin son zamanlar şəhid ailələri ilə bağlı atdığı son addımları necə qarşıladınız?

– Açığını deyim ki, mənim dövlətin bu addımlarından xoşum gəldi, təqdirəlayiq addımlardır. Bu barədə yazmışam da.

– Keçmiş döyüşçü yoldaşlarınızla, əsgərləriniz olmuş döyüşçülərlə əlaqələriniz qalırmı?

– Sağ qalanlarının çoxu ilə əlaqələrimiz qalır, telefon nömrələri məndədir, əlaqə saxlayırıq, görüşürük. Məsələn, təkcə Balakəndən 40 əsgərimiz var idi, həmin əsgərlərdən 18 nəfəri şəhid oldu. Sağ qalanlarla bu gün də əlaqəni üzməmişəm, danışıram, görüşürük. Şəhid olanlarınız isə məzarlarını ziyarət edirəm. Digər rayonlardan da döyüşçü dostlarım var. Məsələn, bu yaxınlarda Şirvan şəhərində keçmiş döyüşçümüz Amilin qızının toyuna getmişdim. Artıq yaşlaşıblar və yaşlaşırlar. Məni gəlib yolda qarşıladılar. Bütün rayonlara gedəndə birinci Şəhidlər Xiyabanına ziyarətə gedirəm. Şirvanda da birinci Şəhidlərimizin ziyarətinə getdim. Şirvandakı dostlarım məni buraxmaq istəmirdilər. Deyirdilər ki, bir müddət bizimlə qal. Dedim ki, onda mən gərək işləməyəm, axı işə qayıtmalıyam. Ölkənin əksər rayonlarında döyüşçü yoldaşlarım olduğu kimi, əksər Şəhidlər Xiyabanında şəhid döyüşçü dostlarım var. Mən bir neçə il öncəyə qədər hər həftənin cümə axşamı Şəhidlər Xiyabanını ziyarət edirdim. Sonra hər həftə getməyə gücüm yetmədi, dərs deməyimlə əlaqədar vaxtım çatmadı.

“Təkcə Balakəndən 40 əsgərimiz var idi, həmin əsgərlərdən 18 nəfəri şəhid oldu”
– Dərs deyirsiniz?

– Bəli. İdman dərsi deyirəm, əsgər hazırlayıram. Özü də elə-belə yox ey, çox ciddi şəkildə orduya hazırlayıram.

– Yeni nəsildən, gənclərdən razısınızmı?

– Bizim bir tələbəmiz var idi. O mənim bir kitabımı oxumuşdu. Tələbə ola-ola könüllü olaraq hərbi xidmətə getdi. Aprel hadisələri dövründə həmin tələbə əsgər idi. Mən onun taleyindən narahat idim ki, mənim kitabımı oxuyub hərbi xidmətə gedib, görən başına nə gələcək. O dövrdə cənab prezidentə “Qarabağ” qəzetində bir müraciət yazdım. Aprelin 2-də mənə dəqiq məlumat daxil oldu ki, nə qədər şəhidimiz var. Hər səhər dərs başlayanda mən uşaqlara Qarabağla bağlı danışıram, dərsi himnimizin canlı ifası ilə başlayıram. Aprelin 3-də getdim məktəbə gedəndə gördüm ki, uşaqların əlində bayraqlar var. Uşaqları xəttə düzüb himni oxumağa başlayan anda hamısı hayqırmağa başladılar ki, biz Qarabağda döyüşməyə gedirik. İnanın ki, onları bu hərəkəti etmək üçün kimsə xüsusi olaraq öyrətməmişdi. Öz içlərindən gələni edirdilər. Məndən xahiş edirdilər ki, Əkbər müəllim, xahiş edirik bizi döyüşə apar. Onların bu vətənpərvərliyi məni çox sevindirdi, hətta sevincdən kövrəldim. Getdim prezidentə bir müraciət yazdım. Məktubda yazdım ki, biz döyüşə getməyə hazırıq. Mənim dərs dediyim xeyli sayda tələbələrim döyüş yolu keçiblər, şəhid olanları var. Hətta bir müddət fasilədən sonra yenidən həmin məktəbə işə dəvət ediləndə getdim, haraya baxırdım həmin tələbələrim gözümün önündə canlanırdı. Gördüm ki, işləyə bilməyəcəyəm. İmtina etdim, çox təkid etdilər ki, gəl işlə. Bir müddətdən sonra işləməyə başladım.

Mən uşağı döyməyi, qorxutmağı sevmirəm. Uşaqlara sərbəstlik verməyi xoşlayıram. Tələbələrimə deyirəm ki, buraya nəyə görə gəldiyini bilirsənmi. Deyirəm ki, valideynin buraya gəlməsin, özün müstəqilliyə öyrəş. Ona görə də tələbələrim həmişə məni başa düşür, qəbul edir. Hətta artıq mənəvi cəhətdən yorulduğumu deyirəm və getmək istədiyimi bildirsəm də məni buraxmırlar.

– Doğma Ağdamınızdan ötrü darıxırsınızmı?

– Çox darıxıram. Tez-tez Ağdamın işğal altında olmayan ərazilərinə gedirəm, səngərə qədər gedirəm. Hətta bəzən nəvələrimi də götürüb səngərə gedirəm. Hazırda İsveçdə yaşayan nəvəm İsmayıl burada olanda apardım Ağdam tərəfə səngərə. Kiçik yaşlı nəvəm səngərdə yıxıldı, qolu sıyrıldı. Evə gələndə deyirdi ki, ermənilər snayperlə qolumu vurublar, mənə deyirdi ki, yenə səngərə gedək. Mən Ağdama gedəndə inanın ki, sanki hansısa qüvvə məni Ağdamın mərkəzinə doğru çəkir, sanki kimsə mənə deyir ki, get döyüş… Onsuz da mən demişəm ki, bir gün gedəcəyəm. Mən Ağdamda ölmək istəyirəm, şəhid olmaq istəyirəm, burada ölmək istəmirəm. Vətən yükü çox ağırdır. Vətənlə bağlı mənim yazılarım var. “Qalx ayağa vətən oğlu” və “Qapını vətən döyür” adlı kitablarım da var. Məni düşündürən bir nömrəli məsələ vətəndir. Vətən üçün çox zəhmətlər çəksək də son anımıza qədər mübarizə aparmalıyıq.

– Bir yerdə oxudum ki, hər il iyulun 23-nü səngərdə keçirirsiniz…

– Bəli. Ağdamın işğal olunduğu günü mən hər il səngərdə oluram. Hətta özümlə insanlar aparıram. Bununla göstərmək istəyirəm ki, biz vətənimizi, şəhidlərimizi unutmuruq. Biz bununla beynəlxalq aləmə də mesaj veririk. Bəyan edirik ki, biz öz yurdumuza qayıtmaq istəyirik. Səngərə gedəndə əsgərlərimizlə görüşürəm. Qəhrəman aprel şəhidi Raqub Orucov şəhid olmazdan bir il öncə rayona getmişdim. Ağdamın Xındırıstan ərazisində onun komandiri olduğu hərbi briqadanı 1994-cü ildə general Yaşar Aydəmirovla mən yaratmışıq. Ağdama gedəndə getdim həmin briqadaya. Əsgərlərə dedim ki, briqada komandirini görmək istəyirəm. Əsgər getdi və qayıdıb mənə dedi ki, dayı, komandir dincəlir. Dedim oğul get komandirinə bildir ki, komandiriniz Əkbər Rüstəmov gəlib, sizinlə görüşmək istəyir. Əsgər gedəndən dərhal sonra bir də gördüm ki, briqada komandiri Raqub Orucov qaça-qaça gəlir. Gəldi, görüşdük. O qədər sadə insan idi ki, briqada komandiri olsa da dedi ki, Əkbər müəllim səni indi də komandirim hesab edirəm. Otağına gedib xeyli söhbət etdik. Yanına zabitlər gəlib gedirdi. Mən də bu durumu nəzərə alıb orada siqaret çəkmirdim.

Adamların gəliş-gedişi dayandıqdan sonra keçdim pəncərənin qarşısına dedim ki, ay Raqub, bu pəncərədən görünən bağı da mən salmışam, mənə icazə ver gedim orada bir siqaret çəkim. Mənə dedi ki, komandir, sənə qurban olum bayaqdan siqaret çəkməyim gəlir sənin yanında çəkmək istəmirdim, ciyərim yanır, gəl gedək izninlə orada mən də çəkim. Siqaret çəkəndən sonra dedim ki, Raqub, burada mənim Şirəliyev Etibar adlı tələbəm əsgərdir, gəlmişkən onunla görüşmək istəyirəm. Zəng edib əsgəri çağırtdırdı. Bir qədər sonra qapı açıldı həmin əsgər həyəcanlı vəziyyətdə otağa daxil oldu. Briqada komandirinin onu təcili çağırması onu həyəcanlandırmışdı. Əsgər otağı daxil olandan sonra Raqub çölə çıxdı. Əsgərin hal-əhvalını xəbər aldım. Razılıq etdi. Az sonra Raqub gəldi və dedi ki, əsgər Şirəliyev, komandirimiz Əkbər müəllim gəlib sənə 10 sutka məzuniyyət verdim. Bu görüşümüzdən bir müddət sonra aprel döyüşləri oldu və Raqub qəhrəmancasına şəhid oldu. Allah ona və bütün şəhidlərimizə rəhmət eləsin.

-Torpaqlarımıza qayıdacağımıza ümidiniz varmı?

– Əlbəttə ümidim var. Ümidsiz insan yaşamaz. Biz torpaqlarımız uğrunda təkcə ermənilərlə vuruşmamışıq, eyni zamanda onlara dəstək verən rus hərbi qüvvələri ilə, bu gün İŞİD adlandırılan beynəlxalq terrorçular kimi terrorçularla da vuruşmuşuq. Dünyanın bir çox yerlərindən təlim keçmiş terrorçular silahlandırılaraq üzərimizə göndərilmişdi. Bizim də əlimizdə heç nə yox idi. Biz torpaqlarımızın qalan hissəsini o dövrdə qoruyub saxlaya bilmişiksə, müstəqil olmuşuqsa bunun özü az şey deyil, buna görə Allaha şükür etməliyik.

-O dövrdə əlinizdə demək olar ki, heç nə olmadığını deyirsiniz. İndi ordumuzun əlində olan silah, texnika o zamanlar əlinizdə olsaydı necə olardı?

-İndi ordumuzun əlində olan silahlar, hərbi texnikalar o dövrdə əlimizdə olsaydı, biz burada nə gəzirdik, indi bir qarış da olsun torpağımız işğalda deyildi və oturmuşduq Ağdamın mərkəzində. Təsəvvür edin, bizim batalyonda 600-ə yaxın əsgərimiz var idi. 600-ə yaxın əsgərin cəmi 30 avtomatı var idi. Avtomatları səngərlər arasında bölürdük. Bir avtomatlı əsgəri bir nəfər də avtomatsız əsgəri postda qoyurduq. Gəlib görürdük ki, hərəsinin yanında 10 əsgər var. Deyirdim qardaşlar, axı siz burda olmalı deyilsiniz. Deyirdilər ki, silahımız yoxdursa da, arxada qala bilmirik. Deyirdilər ki, əgər döyüş olsa, avtomatı olan əsgər yoldaşım yaralansa silahını mən götürüb döyüşərəm. Bütün bunlar yaşanmış hadisələrdir. Bizim xalqımız cəsarətlidir. İnşallah torpaqlarımızı azad edəcəyik.

COP29