“Mən də koronavirusdan sonra dünyanın dəyişəcəyini düşünürdüm…” – Elxan Şahinoğlu

“Çin artıq daxili və xarici bazarda əvvəlki mövqelərini bərpa etmək üçün hərəkətlənib”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında qloballaşma və koronavirus pandemiyasına önəlik müxtəlif yanaşmalara münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlu hesab edir ki, koronavirus pandemiyasından sonra dünyanın əvvəlki kimi olmayacağına dair iddialar əsassızdır:

“Pandemiya dönəmindən sonra dünyanın əvvəlki kimi olmayacağını ilk deyənlərdən biri mən idim. Ancaq indi görürəm ki, bunun ətrafında da ciddi manipulyasiyalar var.

Bəli, dünyanın sistemində müəyyən dəyişikliklər ola bilər. Böyük dövlətlər koronavirus dalğasında anladılar ki, silahlara külli miqdarda pul ayırmağa dəyməzmiş. Ondansa, səhiyyəyə pul ayırsaydılar, daha effekli olardı. Odur ki, böyük dövlətlər bundan sonra səhiyyənin inkişafına silahlanmadan daha çox pul xərcləyəcəklər. Hazırda dünyanı dəhşətli nüvə silahı yox, bir virus təhdid etməkdədir və buna qarşı hələ ki dərman tapmaq mümkün olmayıb.

Eyni zamanda, özünü “demokratiyanın beşiyi” sayan ölkələrdə insan hüquqları faktik olaraq, məhdudlaşdırılıb. Fransada insanların evdən çıxmağı qadağandır, çıxanlar da sənədlərini mütləq özləri ilə götürməlidirlər. Halbuki Fransanın nə Konstitusiyasında, nə də ayrı-ayrı qanunlarında belə bir məhdudiyyətə əsas verən müddəa yoxdur.

Belə fikirlər də var ki, gələcəkdə milli dövlətçiliyin güclənməsi fonunda liberal dəyərlər zəifləyə bilər. Çünki liberal dəyərlər koronavirusa qarşı effektli mübarizə aparmağa imkan verməyəcək.

Avropa dövlətlərindən yalnız İsveç öz qanunlarının əleyhinə çıxmadı. İsveç hökuməti açıq bildirdi ki, qanunları dəyişərək, insanları evlərində qalmağa məcbur etmək olmaz. Ona görə də, İsveçdə həyat öz axarında davam edir. Doğrudur, İsveçdə də yoluxanların sayında artım var, ancaq orada insanlar sosial məsafəni gözləməklə, koronavirusdan qorunmağa çalışırlar”.

Politoloq koronavirus pandemiyasının yaratdığı mövcud vəziyyətdən hansı ölkələrin güclü çıxa biləcəklərinə də aydınlıq gətirib:

“Fakt göz qarşısındadır. Hələ ki bu prosesdən güclü çıxan tək dövlət koronavirusun “ixracatçısı” olan Çinin özüdür. Statistikaya baxsaq, orada 80 min nəfər koronavirusa yoluxdu, onlardan 3 min nəfəri öldü, qalanları da sağalmaqdadır.

Çin iqtisadiyyatı artıq öz gücünü yenidən bərpa etməyə başlayıb. Koronavirus səbəbindən 60 milyard dollar ziyana düşən Çin üçün bu məbləğ böyük itki sayılmır. Çin artıq daxili və xarici bazarda əvvəlki mövqelərini bərpa etmək üçün hərəkətlənib, hətta bir sıra ölkələrə yardım da göndərir”.

Elxan Şahinoğlu qeyd edib ki, pandemiyanın aradan qalxmasından sonra dünya dövlətləri Çinlə daha ehtiyatlı davranacaqlar:

“ABŞ və Qərb dövlətlərinin böyük şirkətləri ucuz işçi qüvvəsi əldə etmək məqsədilə öz fabrik və müəssisələrini Çinə köçürmüşdülər. Burada artıq əks prosesin başlayacağı istisna deyil. Yəni həmin şirkətlər Çində açdıqları zavod və fabrikləri öz ölkələrinə daşıya bilər.

Nümunə üçün İtaliyaya baxaq. İtaliyanın dünyaya satdığı bahalı məsulların istehsal olunduğu zavod və fabriklərin əsas işçi kontingentini çinlilərin təşkil etdiyi məlum olub. Başqa sözlə, İtaliya şirkətləri ucuz işçi qüvvəsi üçün Çinə daşınmaqdansa, həmin ölkədən on minlərlə işçi gətirib. Koronavirusun İtaliyada tüğyan etməsinin əsas mənbəyi də həmin çinli işçilər olub.

Yeni dönəmdə dünyanın bazar münasibətlərində dəyişikliklərin olacağı gözlənilir. Dünyanın, idarəetmə fəlsəfəsinin dəyişəcəyi haqda fikirlər yayılıb. Buna inanmıram. Hər yüz ildə bir dəfə bəşəriyyət üzləşdiyi təhlükəli virusla mübarizə aparmalı olur. Amma bu, dünyanın dəyişməsi ilə nəticələnirmi?

Bəşəriyyətin buna qədər üzləşdiyi son dəhşətli virus 1920-ci ildə yayılmış “İspan qripi” olub. Müxtəlif mənbələrin rəqəmlərinə görə, bunun nəticəsində təqribən 80-100 milyon insan ölüb. Məntiqlə ondan sonra dünya və qlobal münasibətlər dəyişməli idi. Amma nə baş verdi? İkinci Dünya Müharibəsi başladı. İndi də kapitalizm sistemində, liberal dəyərlərdə müəyyən korrektələrin olması mümkündür. Lakin baxışların kəskin şəkildə dəyişəcəyini gözləmirəm. Kiçik münaqişələr və terror yenə də davam edəcək”.

Səxavət Məmməd