“Abasqulu bəy, boynumda haqqın var, amma bəy, sən gəl, bu işə baş qoşma. Kəsdiyimiz o duz-çörək haqqı, mənə dəyən təpik sənə dəysəydi, indiyənədək on dəfə silah götürərdin…”
“Qanun naminə” filmində Kamilov, “Dərviş Parisi partladır”da Hatəmxan ağa, “Axırıncı aşırım”da Kərbəlayi… Bütün obrazları da özü kimi ağayanalığı ilə seçilib. Elə təcə Kərbəlayi obrazı ilə adını kino tariximizə əbədi yazdırıb. İstər kinoda, istərsə də teatrda göstərdiyi xidmətlər danılmazdır. Həm kino, həm də tetarımızda əldə olunan bir çox uğurlara görə məhz ona borcluyuq.
Söhbət böyük rejissor və aktyor Ədil İsgəndərovdan gedir. Böyük sənətkarın xatirə günüdür.
Ədil İsgəndərovun kinostudiyaya rəhbərlik etdiyi dönəmə qədər Azərbaycanlı aktyorlar demək olar ki. kölgədə qalmışdı. Xaricdən aktyorlar gətirib filmlərə çəkirdilər ki, bu da yerli aktyorları işdən uzaq salırdı. Ədil İsgəndərov kinostudiyaya rəhbər təyin olunandan sonra belə məqamlara qadağa qoydu. Həmin dövrdə çəkilən və milli kinomuzun inciləri sayılan bir çox filmlərə baxanda tamaşaçı bu gün sənətkarın ruhuna dualar oxuyur. Məşhurluq zirvəsinə çatan tanınmış aktyorlarımız da məhz onun kəşfinin nəticəsi idi. Filmlərimizdə baş rollara çəkilərək adlarını kino tarixinə əbədi həkk etdilər.
Ədil İsgəndərov həyatda da şəxsiyyət idi, ləyaqəti ilə bir çoxlarına örnək olmağı bacarırdı. Böyük sənətkar çəkildiyi filmlər və özünün rejissoru olduğu “Əhməd haradadır” filmi ilə tamaşaçıların qəlbində əbədi yaşayır.
Cəvahir
www.yenicag.az