Mənfi obrazların MAHİR OYUNÇUSU: Erməni roluna görə SÖYÜLƏN XALQ ARTİSTİ

Azərbaycan kinosunda və teletamaşalarında daha çox mənfi rolların mahir ifaçısı kimi tanınıb və adını kino tarixinə yazdırıb. Hətta bu obrazları o qədər məharətlə yaradıb ki, tamaşaçılar ona nifrətlə yanaşıb. Amma bu nifrət həm də bir aktyorun uğuru demək idi. Bunu özü də gözəl anlayırdı və elə bu səbəbdən də ona ünvanlanan tamaşaçı nifrətini sevgi ilə qarşılayırdı.

Söhbət Xalq artisti, sevilən aktyor Məlik Dadaşovdan gedir.

Yenicag.az xəbər verir ki, bu gün tanınmış aktyorun xatirə günüdür. Onunla bizi nə qədər zaman məsafəsi ayırsa da, Məlik Dadaşov yaddaşımızda canlı insan kimi yaşayır və sənət ömrünü film və tamaşalardakı obrazları ilə davam etdirir.

Koloritli aktyor idi, təbii oyun manerası ilə tamaşaçı diqqətini özünə çəkməyi bacarırdı Məlik Dadaşov.

“Axırıncı aşırım”dakı Qəmlo bütövlükdə kinomuzda yaddaqalan obrazlardan biri sayılır. Filmdə onun dilindən səslənən “Abbasqulu bəyin nazı ilə çox oynayırsan a, Kərbəlayi” kəlməsi indi də tamaşaçılar arasında çox məşhurdur. Bu obrazına görə “Kişi rolunun ən yaxşı oyunçusu” kimi onun adı keçmiş SSRİ-də mükafatçılar siyahısına salınmalı imiş, amma onu bu mükafatdan məhrum ediblər. Səbəb də bunu gətiriblər ki, bolşevizmin düşməni olan Qəmlo sovetin mükafatını ala bilməz.

Aktyorun ən yaddaqalan obrazlarından biri də “Dəli Kür”də Molla Sadıq və “Fəryad” filmində yaratdığı erməni obrazdır.

Hətta o qədər təbii oynayıb ki, erməni obrazına görə aktyor uzun müddət təzyiqlərə də məruz qalıb. Filmin nümayişində və nümayişdən sonra onu getdiyi yerlərdə nifrətlə qarşılayıblar. “Sən ermənisən” deyib ona təzyiq göstəriblər. Ermənilər isə həmin obraza görə Məlik Dadaşova “Ermənistanın Milli Qəhrəmanı” adını vermək istəyiblər. Aktyor qətiyyətlə buna etiraz edib. Sevilən aktyor bu gün də obrazları ilə yaddaşlarda əbədi yaşayır.

Cəvahir

COP29