“Məni bir otağa salıb bağladılar…” – İŞİD-ə qoşulan azərbaycanlı

Image processed by CodeCarvings Piczard ### FREE Community Edition ### on 2014-06-13 09:26:39Z | http://piczard.com | http://codecarvings.com"$Ф«i

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “İŞİD”in tərkibində döyüşməkdə təqsirləndirilən Bəkirov Telman və Tahirov Mübarizin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası olub.

Dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

Təqsirləndirilən Telman Bəkirov etiraz edib, o məhkəməyə ifadəsində ittiham aktını əsassız hesab etdiyi deyib: “Mən Mübarizi ikinci dəfədir görürəm. İttiham mənim İraqda olmağıma görə yox, əqidəmə görədi. Mən heç vaxt Suriyada olmamışam. Türkiyədə işləyib yaşamışam, kirayə ev tutmuşam. İsmayıllıda saqqal saxladığıma görə tutuldum. Mən Türkiyədə 1 ay 8 gün qaldım, orada olanda neçə dəfə Ankaradakı konsulluğumuza, polis idarələrinə meraciət etdim. Burda da mən istintaqda ifadə verməmişəm, dindirilmə zamanı da kağız üstündə müdafiəçim olub. Ittiham aktı ilə istintaq bitdikdən sonra tanış olmuşam, onda da etiraz etmişəm.

Mən 2011-ci ildən sünni namazı qılmağa başlamışam. Ailə qurduqdan sonra Bakıya gəlib Müsfiqabadda yaşamışam. Orada məsciddə Cümə namazı qılıb getmişəm. Həmin məsciddə heç kimi tanımamışam. Istintaqda adıçəkilən Samir Qafarovu da tanımıram. Mən şəxsiyyət vəsiqəmi itirdiyim üçün polisə xə müraciət etmişəm”.

T.Bəkirovun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O ifadəsində bildirib ki, 2013-cü ildə Müşfiqabadda məsciddə Samir adlı şəxslə tanış olub: “Samir mənə “IŞID”ə qoşulacağını dedi, mən də qoşulmaq istədiyimi bildirdim. Mənə kömək edəcəyini dedi və Türkiyədə olan Zəkəriyyə adlı şəxsin telefon nömrəsini verdi. Sonra Cavid adlı şəxs mənə zəng edib Suriyaya gələcəyimdən xəbərdar olduğunu dedi və bir nəfərlə görüşüb ona çatacaq pulu almağımı istədi. “Neftçilər” metrostansiyasının yaxınlığında tanımadığım adamla görüşüb 400 dollar aldım. Sonra Türkiyəyə getdim, orada Zəkəriyyə məni gizli yolla Suriyaya keçirtdi, sənədlərimi də alıb özündə saxladı. Suriyada qaldığım hərbi düşərgədə məndən başqa 10 nəfər azərbaycanlı vardı. Abu Amur adlı şəxs bizi “Abdulhəmib camaatı”na təhvil verdi. Mübariz Tahirovla da həmin düşərgədə tanış oldum. Dörd gün təlimlərə qatıldıq, orada mənə “Kalaşnikov”dan istifadə etməyi öyrətdilər. Silahı söküb təmizləməklə məşğul idim. Sonra məndən şübhələnməyə başladılar, bir dəfə “IŞID”çilər başıma silah dayayıb öldürəcəklərini dedilər. Bir müddət sonra bütün bunları görüb oradan qaçdım. Türkiyəyə gəlib kömək istədim, sonra da Gürcüstan vasitəsilə Azərbaycana gəldim”.

Telman Bəkirov səsləndirilən ifadənin ona məxsus olmadığını deyib: “Səhifə 11-də yazılıb ki, “IŞID” mənə icazə vərəqi verib, səhifə 7-də isə “IŞID”çilərin başıma silah dayayıb icazə vərəqi vermədiyi yazılıb. Mən burada “svarşik” işləmişəm, Türkiyədə isə qapı-pəncərə sexində işlədim. Məni ora Hasan adlı tanışım dəvət etdi, onunla internetdə tanış olmuşdum. Mən istintaq zamanı yazılan ifadəmə etiraz etmək istəyəndə başımdan şillə ilə vurub qoymurdular. Kimə şikayət edə bilərdim ki? Bir dəfə Qızıl Xaçdan gəlib dedilər ki, qol çəkməsən sənə heç nə edə bilməzlər. Ondan sonra qol çəkmədim. Əvvəldən bilmirdim, ona görə imzalamışdım”.

T.Bəkirov ailəli olub, 3 yaş və 1 yaş 3 aylıq iki övladı var. Ailəsini də özü ilə Suriyaya aparıb.

Bundan sonra digər təqsirləndirilən Mübariz Tahirov ifadə verib. O bildirib ki, dinin təsiri altında Suriyaya getmək istəyib: ” Mən məhləmizdə Şirzadın işlətdiyi internet kafeyə gedirdim, orada nəzarətdə olan yer idi. Tez-tez saqqallı adamlar gəlirdi. Mənə də orada uşaqlar Suriyaya aid videolar göstərirdi, dini söhbətlər edirdilər. Mən də ondan təsirlənib Suriyaya getmək istədim. Türkiyəyə getdim, orada bəzi şeylər gördüm. Bildim ki, burada dinə aid şeylər yoxdu, ordan geri qayıtdım. Suriya sərhədini keçməmişəm. Məni ora Mahmud Rəsulov aparmışdı. Orada mən geri qayıtmaq istədiyimi dedikdə məni bir otağa salıb bağladılar. Vəhabilər idi, dedilər getsən polisə deyəcəyik səni tutacaq. Sonra Mahmud da çıxıb getdi, mən orada tək qaldım”.

Mübariz Tahirov deyib ki, istintaqa verdiyi ifadəni oxumayıb: “Mən oxuma-yazma bilmirəm. Heç vaxt da məktəbə getməmişəm. Anamla yaşamışam, o da xəstə olub. Imkanımız olmayıb məktəbə getməyə. 13 yaşımdan işləmişəm. Türmədə olanda kamera yoldaşıma yazılanları oxutdum, dəhşətə gəldim. Mən elə şeylər deməmişəm”.

M.Tahirov Türkiyədə sünni namazı qılmağı öyrəndiyini, Bakıya gəldikdən sonra isə buraxdığını deyib.

Telman Bəkirovun dayısı Tahir Hüseynov şahid qismində dindirilib. Bildirib ki, bacısı Gülnaz ona zəng edərək oğlunun Suriyaya getdiyini deyib.

Məhkəmənin növbəti iclası oktyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin bu ilin aprel ayında ə keçirdiyi əməliyyatla saxlanılan 1988-ci il təvəllüdlü Bəkirov Telman Əvəz oğlu və 1990-cı il təvəllüdlü Tahirov Mübariz Əmən oğlu 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İŞİD” terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər(qafqazinfo).