“Hakimiyyətin dəyişməsini bütün xalqın istəyi və tələbi kimi təqdim etmək doğru deyil”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında çox sayda müxalifət partiyasının təsis etdiyi Azərbaycan Xalq Hərəkatında (AXH) yaranmış parçalanmaya münasibət bildirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Cəlaloğlunun sözlərinə görə, AXH-də ciddi parçalanmanın baş verməsi gözlənilən idi:
“Əslində, Xalq Hərəkatı klassik model əsasında yox, siyasi bloklaşma prinsipinə uyğun qaydada yaradıldı. Bu isə doğru deyildi. Çünki hərəkat yarandıqda onun konkret hədəfi və lideri olur.
Digər tərəfdən heç bir hərəkat hakimiyyətin dəyişdirilməsi tələbini qarşıya məqsəd qoymur – bu, artıq siyasi partiyaların ittifaqının irəli sürəcəyi tələbdir. Klassik hərəkatların isə bir, maksimum da iki tələbi olur.
Bax, bu dediyim məqamlar Xalq Hərəkatın bu gün yaranmış parçalanmaya yol açıb. Başlanğıcda məni, Pənah Hüseyni, başqalarını bu prosesdən kənarda qoydular, daha sonra özlərinin qəbul etdikləri Əsasnaməyə də əməl etmədilər, nəticədə belə vəziyyətlə üzləşdilər.
Azərbaycanda geniştərkibli xalq hərəkatının yaranma ehtimalına gəldikdə isə nəzərə almalıyıq ki, bu, sosial sifariş əsasında olmalıdır. Məsələn, bu gün xalqın tam şəkildə bu hakimiyyətin dəyişməsini istədiyini iddia etmək doğru deyil.
Biz qəbul etməsək də, xalqın müəyyən kəsimi bu iqtidarın qalmasında maraqlıdır. Ona görə də bu fikirdəyəm ki, indiki şəraitdə Azərbaycanda real xalq hərəkatı Qarabağın işğaldan azad edilməsi ideyası ətrafında formalaşa bilər”.
A.Zeynalov