26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günündə şəhid ailələri, anaları və övladlarının iştirak etdiyi “Mənim Atam Qəhrəmandır” layihəsi bu dəfə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Heydər Əliyev Mərkəzinin qarşısında keçirilib.
10-cu ildönümü qeyd olunan Mərkəzin açıq hava tədbirləri üçün nəzərdə tutulmuş hissəsində 300-ə yaxın şəhid anası iştirak edib.
Tədbirin aparıcısı Lalə Azərtaş şəhid analarının fədakarlığından bəhs edərək bildirib ki, bizim saçına boya dəyməsə də, qürurdan rənglənən, nurlanan günəş kimi analarımız var:
“Vətənə general, polkovnik, 1 evdən qoşa əsgər balalar, cəngavərlər qurban vermiş analar kimi… Bu analar neçə-neçə gənc qadının dünyaya belə oğullar gətirib, böyütmələrinə stimul olacaq, minlərlə qəhrəmanlar doğulacaq!
Ən çox fəxr və fərəh hiss etməli olanlar tarixi şəxsiyyətlərimizi, qəhrəman əsgərlərimizi dünyaya gətirən, hələ bətnlərində hisslərinə Vətən eşqi qatan, laylalarında torpaq sevdasından oxuyan, onları milli ruhda böyüdən, məmləkət sevgisi ilə tərbiyə edən Analardır”.
“Xəzər Media Mərkəzi”nin Baş direktoru Murad Dadaşov da keçirilən tədbirdə iştirak edib. O, bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə belə bir gündə keçirilən görüşdə iştirak etmək böyük qürur və şərəfdir:
“Bu gün burada olmaq məni çox təsirləndirir. Azərbaycanın qəhrəman oğullarını yetişdirən anaların qarşısında baş əyirəm. Əlçatmaz qayalarımızı fəth edən o oğulları biz xüsusi günlərdə deyil, hər gün anmalıyıq”.
“Fire Land Production”un rəhbəri, vətənpərvərlik mahnılarına yazdığı sözlərlə tanınan Cəlal Qurbanov vurğulayıb ki, tədbirin təmtəraqlı təşkili üçün Heydər Əliyev Mərkəzi dəstəyini əsirgəməyib.
“Tədbirin yüksək səviyyədə təşkili üçün yaradılan şəraitə görə Anar Ələkbərova xüsusi təşəkkürlərimizi bildiririk” deyə, o, İnstagram hesabında yazıb:
“Şəhid yaxınları hər zaman Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyini hiss edib, onlara olan qayğı şəhid əmanətlərini duyğulandırır”.