Mənsimov “Xəzər Lənkəran”ı “təmizləyir” – GİZLİ TƏYİNAT

besiktaspalmali“Palmali” Şirkətlər Qrupuna daxil olan “PalSüd” MMC-də yeni təyinat olub.

Qaynar.info şirkətdəki mənbəyə istinadən xəbər verir ki, Tuyqun Nadirov “Pal Süd Dağıtım” MMC-yə rəhbər təyin edilib. Tuyqun Nadirov “Xəzər Lənkəran” futbol klubunun vitse-prezidentidir. “Pal Süd Dağıtım” MMC “PalSüd” brendinin satış, PR və marketinq fəaliyyəti ilə məşğul olur.

Maraqlıdır ki, Tuyqun Nadirov “Xəzər Lənkəran”dakı fəaliyyətini də davam etdirəcək. Şirkətdən aldığımız məlumata görə, Nadirov təxminən 2 ay əvvəl “PalSüd Dağıtım” MMC-yə rəhbər təyin edilsə də, bununla bağlı rəsmi açıqlama verilməyib.

Məsələ ilə bağlı Tuyqun Nadirovun mövqeyini öyrənmək istəsək də, onun telefonu qapalı olduğu üçün əlaqə saxlaya bilmədik.

Məsələni araşdırmaq üçün “PalSüd” brendinə daxil olan “NurSüd MMC” süd və süd məhsulları emalı zavodu ilə əlaqə saxladıq. Adının çəkilməsini istəməyən zavod əməkdaşı isə Tuyqun Nadirovun “PalSüd”ün Bakı ofisinə rəhbərilk etdiyini təsdiqlədi. Məsələnin ictimaiyyətdən gizli saxlanılmasının məqsədini isə belə izah etdi:

“Xəzər Lənkəran”ın hazırkı durumu göz qabağındadır. Komanda demək olar ki, dağılmaq təhlükəsi ilə üz-üzədir. Mübariz Mənsimov 10 ildə bu komandaya 300 milyon dollar sərmayə qoyub. Amma heç bir iş görülməyib. Lənkəranda hesab edirlər ki, “Xəzər Lənkəran”ın uğursuzluğunun əsas səbəbkarı məhz komandanın vitse-prezidenti Tuyqun Nadirovdur. Lənkəranlılar Nadirovun komandadan uzaqlaşdırılması üçün Mənsimova dəfələrlə müraciət də ediblər. Ola bilsin ki, Mübriz Mənsimov Nadirovun “PalSüd”ün Bakı ofisinə rəhbərilk etməsinin lənkəranlılar tərəfindən birmənalı qarşılanmayacağını nəzərə alaraq, təyinatla bağlı rəsmi açıqlama verilməməsini istəyib”.

Amma ortada başqa bir versiya da var. Ehtimal olunur ki, Mübariz Mənsimov Tuyqun Nadirovu “Xəzər Lənkəran”dan uzaqlaşdırmaq üçün onu “PalSüdə” göndərib. Ola bilsin ki, Nadirov Azərbaycan Premeyer Liqasında mövsüm başa çatan kimi “Xəzər Lənkəran”dakı postunu tərk etsin.