Məntəqə sədri bülletənləri götürərək qeybə çəkildi: Kürdəmirdə “şəffaf” seçki – VİDEO

9 fevral 2020-ci il tarixində Azərbaycanda baş tutan növbədənkənar parlament seçkiləri zamanı 57 saylı Kürdəmir seçki dairəsinin müxtəlif məntəqələrində ciddi qanun pozuntuları baş verdi.

Müşahidələri izləyən KİV nümayəndələri qarşılaşdıqları bu qanun pozuntularını sosial şəbəkələrdə və onlayn mediada ictimailəşdirdilər. Belə ki, ilk qanun pozuntusu media nümayəndələrininseçki məntəqələrinə buraxılmaması ilə başlanıldı. Məntəqə seçki komissiyasının sədrləri öz peşə fəaliyyətini həyata keçirən jurnalistləri təkcə təhqir etməklə, təzyiq göstərməklə kifayətlənmədilər, hətta onları polislə təhdid edirdilər.

Belə halla 6 nömrəli Kürdəmir rayon orta məktəbdə yerləşmiş 5 saylı məntəqə seçki komissiyasında şəxsən üzləşdik. Üzərimizə bir neçə dəfə özlərini 57 saylı Dairə Seçki Komissiyasının nümayəndələri kimi təqdim edən şəxslər hücum etdi. Nəinki şəxsiyyətimiz, jurnalistika peşəsi, ölkə mediasında xidmət edən bütün jurnalistlər təhqir olundular. O cümlədən bəzi jurnalistlər polis məntəqəsinə aparıldı. Bu barədə Mətbuat Şurasına və Mərkəzi Seçki Komissiyasına müraciət etdikdən sonra bəzi məntəqələrdə seçkiləri müşahidə etməyimizə şərait yaradıldı. 4, 10, 12, 20, 21 saylı məntəqələrdə isə jurnalistlərin seçkiləri yaxından izləmək hüquqları seçki bitənə qədər kobud şəkildə pozulub.

Kürdəmirdə keçirilən seçki prosesi zamanı ən ciddi seçki pozuntusu isə “karusel” əməliyyatı oldu. Daha acınacaqlı məqam isə ondan ibarət idi ki, “karusel” əməliyyatına məktəb və bağça rəhbəri, müəllimləri, o cümlədən valideynlərlə yanaşı, təcili tibbi yardım maşınları da cəlb olunmuşdu. Belə ki, təcili tibbi yardım maşınlarına doldurulmuş sakinlər məntəqə-məntəqə gəzdirilərək səs veriblər.Fakt ifşa olunduqda avtomobildə olan insanlar özləri də seçki məntəqələrinə səs vermək üçün aparıldıqlarını etiraf ediblər.

“Karusel” əməliyyatının asanlıqla aparılmasına məntəqələrə gedən seçicilərin bir çoxunun barmağının yoxlama kontrolundan keçməməsi, bəzilərində isə spreylərin tətbiq edilmədiyi üzə çıxıb. 5 saylı seçki məntəqəsində barmaq nəzarətini həyata keçirən şəxs, hətta sağla sol əlin fərqini belə bilmirdi. Dəfələrlə iradlarımıza baxmayaraq yanlış əli yoxlayır, hətta bəzən seçiciləri yoxlamadan keçirməyə cəhd edirdi.

“Karusel” əməliyyatlarının üstü açılan zaman isə həm media, həm də namizədlərin nümayəndələri təhqir və təzyiqə məruz qalıb. Hətta bir jurnalist ikinci dəfə seçkiyə qatılmış seçicini ifşa etdiyi üçün maşınla ayağının üstündən keçərək xəsarət yetiriblər.

Bir çox məntəqələrdə jurnalistlərə və komissiya üzvlərinə sədrlər tərəfindən seçicilərin iştirakı ilə bağlı rəqəm sayı göstərilməyib. Göstərilən məntəqələrin əksəriyyətində isə yekun hesablamalar nəticəsində rəqəm sayları üst-üstə düşməyib. Həmçinin bir neçə – 5, 25 və 34-cü məntəqələrdə öncədən möhürlənmiş və kənarı kəsilmiş seçki bülletenləri müəyyən olunub. 5 saylı məntəqədə müəyyən olunmuş bülletenlərin aşkarlanması barədə məntəqə sədrinə müraciət olunsa da, bülletenlər aktlaşdırılmayıb.

Ən biabırçı durum isə Kürdəmirdə -10 saylı məntəqədə yaşanıb. Məntəqə sədri Dönməz Mahmudov seçicilərin sayı barədə müşahidəçilərə və namizədlərin nümayəndələrinə heç bir məlumat verməyib. Seçki bitəndən sonra isə məntəqə sədri protokola qol çəkmədən, bülletənləri götürərək aradan çıxıb.

Kürdəmir rayon 57 saylı Dairə Seçki Komissiyasının bütün məntəqələrində qeydə alınmış bütün neqativ faktlar video görüntülərlə sübut olunub. Əksər hissəsi sosial şəbəkələrdə yayımlanıb.

Bu barədə seçkilərin gedişatını yaxından izləmək üçün müəyyən məntəqələr üzrə bölünən KİV nümayəndələri bildirib.

Həmin videoların bir neçəsini təqdim edirik: