Mənzil bazarında ajiotaj: kirayə evlər qəhətə çıxdı

Növbəti dərs ilinin başlanmasına az qalır. Bir neçə müddətdən sonra tələbələr yenidən paytaxta axışacaqlar. Və bölgələrdən gələn tələbələrin böyük əksəriyyəti kirayə mənzillər tutmağa məcburdurlar. Lakin deyilənə görə, el arasında “Sovetski” kimi tanınan məhəllə söküləndən sonra Bakıda ucuz ev tapmaq müşkülə çevrilib. Hətta kirayə evlər yox səviyyəsindədir.

Mənzil bazarındakı son durumu, kirayə evlərin qiymətində yaranan artımların səbəbini öyrənmək üçün ekspertlərə müraciət etdik.

Məsələni Yenicag.az-a şərh edən «Əmlak Ekspert Mərkəzi»nin sədri Ramil Osmanlı mənzil bazarındakı son vəziyyəti dəyərləndirərkən kirayə evlərin qiymətində baş verən artımın qısamüddətli, mövsümi xarakter daşıdığını diqqətə çatdırdı:

“İyun ayının sonlarından başlayaraq bazarda mənfiyə doğru dəyişən dinamika hazırda əks vəziyyətlə əvəz olunur. Sözsüz ki, bu da qiymətlərə öz təsirini göstərir.

Kirayə bazarındakı təxminən 20 faizlik qiymət bahalaşması yenidən bərpa olunacaq. Amma bu proses o qədər də uzun çəkməyəcək. Təqribən iki ay yarımlıq vaxtı əhatə edəcək. Sentyabr ayının sonlarına yaxın qiymətlərin stabilləşməsi baş verəcək. Nəzərə alaq ki, bu proses hər il qeydə alınır. Tədris ili başa çatandan sonra tələbələr azalır. Boşalan mənzillər təklifi artırır və qiymət düşür. Sonradan isə əks proses baş verir. Yəni yenidən geri qayıdan tələbələr tələbi artırır. Bu da kirayə bazarında qiymətləri yüksəldir”.

Ramil Osmanlı onu da vurğuladı ki, kirayə qiymətlərinin artmasının mənzilin satış qiymətinə heç bir təsiri olmur:

“Bazarda evlərin dəyəri artan zaman kirayə mənzillərin də qiymətində yüksəlmə baş verir. Bu, həmişə belə olub. Amma mövsümi amillərlə bağlı kirayə haqqının artımı mənzilin qiymətinə təsir etmir”.

ELÇİN
Yenicag.az