Meqalayihələrin ölkə iqtisadiyyatına YETƏRSİZ TƏSİRİ: “Bəzi nazirliklərdə bu sistem tətbiq olunsa da…”

“Kosmik Agentlik yaradılmazdan əvvəl də demişdim ki, bu, milyardlarla manat vəsaitin itkisinə gətirib çıxaracaq”.

Bu fikirləri Azərbaycanda külli miqdarda dövlət vəsaiti hesabına gerçəkləşdirilən irimiqyaslı layihələrin iqtisadiyyata təsirini şərh edən iqtisadçı Elçin Rəşidov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, istənilən investisiya layihəsi texniki-iqtisadi baxımdan, dəqiq əsaslandırılmalıdır:

“Azərbaycanda innovasiya məfhumu bu çərçivədə həyata keçirilən bir çox işlərdə sadəcə, büdcə vəsaitlərini “silmək” üçün istifadə olunan açar sözdür. Məsələn, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin fəaliyyətini qeyd edə bilərik. Şirkət səviyyəsində həlli çox rahat olan problemlərin aradan qaldırılmasına xərc çəkilsə də, ortada heç bir nəticə yoxdur.

Dayanacaqlarda marşrut avtobuslarının qrafikini əks etdirən monitorlar quraşdırılsa da, onların heç biri işləmir. Belə halların baş verməməsi üçün nəticəyönümlü idərəetmə tətbiq olunmalıdır. Hazırda bəzi nazirliklərdə bu sistem tətbiq olunsa da, düzgün işləmir.

Mən onların bir neçəsi ilə tanışam. Məsələn, Elm və Təhsil Nazirliyində nəticə yönümlü idarəetmə sistemi tətbiq edilsə də düzgün işləmir və sanki onlar bu sistemin nə olduğunu bilmirlər.

Həmçinin Kosmik Agentlik yaradılmazdan əvvəl də demişdim ki, bu, milyardlarla manat vəsaitin itkisinə gətirib çıxaracaq. Əldə edilən gəlirlər, xərclər və mümkün risklər bu hesablamalara daxil edilməlidir. Həmin layihələr sadəcə, gözəl sözlər və bəyanatlarla, “Biz kosmos ölkəsiyik” kimi şüarlarla deyil, məntiqi nəticəni təmin edəcək fəaliyyət əsasında icra olunmalıdır”.

Nuray Məmmədzadə

COP29