“Məqsəd Azərbaycanı beynəlxalq aləmin hədəfinə çevirmək idi” – Keçmiş DTX zabiti

“Azərbaycan hərbi-diplomatik siyasətini dəyişməli, sərtləşdirməli və qarşı tərəfə vaxt verərək onları məcbur etməlidir”.

Bunu Ermənistan-Azərbaycan dövlət sərhədində baş vermiş döyüş toqquşması haqqında fikirlərini bölüşən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında deyib.İlham İsmayıl bildirib ki, Ermənistan müharibədən sonra ən çox istədiyi məsələni beynəlxalq aləmə daşımağı bacardı:

“Bu məsələdə Azərbaycanın xeyrinə olan əsas şeylərdən biri S-300 raketlərinin vurulub sıradan çıxarılması oldu. Onlar birbaşa Gəncə şəhərinə tuşlanmışdı. Burada həm hərbi, həm diplomatik təxribat var. Diplomatik təxribat ondan ibratərdir ki, Ermənistan 10 noyabr 2020-ci ildən bəri apardığı diplomatik təxribatlarını beynəlxalq səviyyəyə qaldırdı. Bu təxribatın bu cür olacağını bildiklərindən döyüş başlayandan 1 saat sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etdilər. Daha sonra Putinə zəng, ardınca BMT-yə müraciət etdilər, BMT Təhlükəsizlik Şurasının çağrılması üçün Fransa Prezidenti Emmanuel Makrondan xahiş etdilər. Faktiki olaraq diaspor işə keçdi. 5 konqresmen, senator eyni mətni Azərbaycan əleyhinə oxudu. Məqsəd Azərbaycanı beynəlxalq aləmin hədəfinə çevirmək idi. Bu məsələlərdə Azərbaycan izahatlar verdikcə elə görüntü çıxır ki, sanki günahkar rəsmi Bakıdır. Erməni tərəfi Azərbaycanı hədəfə gətirir.

Elə görsənir ki, Rusiya kənarda dayanıb. Faktiki olaraq belə deyil. Bir tərəfdən Azərbaycanın əli ilə Ermənistana dərs verir, digər tərəfdən isə əməliyyatların haradan keçiriləcəyini onlara xəbər verir”.

Səxavət Məmməd