“İnsan şüurlu varlıq olaraq məqsədli və hədəflidir. Təbii ki, həyatdakı məqsədi tapmaq mürəkkəb, lakin dəyərli bir prosesdir. Bu, insanın dərin düşüncə, özünü tanıma və şəxsi dəyərlərini kəşf etməsi ilə bağlıdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında ailə və uşaq psixoloqu Aynur İsmayılova deyib.
Onun sözlərinə görə, məqsədimizə çatmaq üçün ilk növbədə gündəlik tələbatlarımızı ödəməliyik:
“Təbii ki, gündəlik tələbatlar çox önəmlidir. Səhər yuxudan oyanmaqla insan qida, doğru nəfəs alma, dincəlmə, beyni inkişaf etdirmə, yeni informasiyalar əldə etməklə tələbatların ödəmiş olurlar. Bu da öz növbəsində bədənimizin sağlamlığı üçün vacibdir. Bu, bizim mütəmadi olaraq məqsədlərimiz üçün çox önəmlidir”.
Psixoloq məqsədlərimizə çatmağın digər bir yolun düzgün planda görür:
“Ümumiyyətlə, plan şəkilində qurulan hər bir iş uğurlu alınır. Məhz elə buna görə də məqsədlərimiz üçün doğru plan qurmalıyıq. Davamlı şəkildə bu plan daxilində işləsək, çox az bir müddətdə məqsədlərimizə nail ola bilərik. Bizi məqsədlərə aparan doğru yol, mütəmadi olaraq çalışmaq, düzgün qida və məntiqi düşüncədir. Beləliklə, hər bir insan buna nail ola bilər. Sadəcə olaraq, məqsədlərimiz üçün kiçik addımlar ataraq böyük nailiyyətlər əldə etmiş oluruq”.
Mayıl Soltanov