Hollandiya meri Quranın yandırılması aksiyasına haqq qazandırıb.
Yenicag.az xəbər verir ki, bu barədə Hollandiya mediası məlumat yayıb. Hollandiyanın Arnhem şəhərinin meri mərakeşli Əhməd Markus ötən şənbə günü Quranın yandırılmasını müdafiə edib.
O, belə nümayişlərin Hollandiyada qanunla qadağan olunmadığını deyib.
“Niderlandda Quranın yandırılması qadağan edilmir və buna görə də nümayiş etmək hüququna daxildir”, – mer izahat yazısında bildirib.
Xatırladaq ki, PEGIDA (Qərbin islamlaşmasına qarşı vətənpərvər avropalılar) hərəkatının lideri, əvvəllər Quranı cırıb çıxaran Edvin Vaqensveld Hollandiyanın Arnhem şəhərində aksiya keçirməyə cəhd edib.
Yeni cəhdin qarşısı nümayişçilər tərəfindən alınıb. Onlar aksiyanın keçirildiyi yerə gəliblər və Vaqensveld artıq Quranı yandırmağa cəhd edəndə nümayişçilər polis kordonunu yarıblar.
Polis əməkdaşları təşkilatçını qoruyaraq güc tətbiq edib, davanın bir neçə iştirakçısı saxlanılıb. Etirazda şəhərin meri Əhməd Markus də iştirak edib. O, nümayişçiləri öz mitinqləri üçün başqa yerə getməyə çağırıb. Lakin bu xahişlərin heç bir təsiri olmayıb.
Xuraman Etibarlı