Mərhum xalq artistinin oğlu: “Atam son nəfəsində qardaşıma dedi ki…”

“Atam ağır xəstəlikdən sonra ömrünün son on günündə demək olar ki, ümumiyyətlə heç nə danışmadı”.

Yenicag.az xəbər verir ki, mərhum xalq artisti Yalçın Rzazadənin oğlu Mətin Rzazadə atası ilə bağlı açıqlamasında belə deyib.

Efirdə atasını yad edən oğlu mərhum müğənninin son vəsiyyətini dilə gətirərək kövrəlib:

“Atam ağır xəstəlikdən sonra ömrünün son on günündə demək olar ki, ümumiyyətlə heç nə danışmadı. Son nəfəsində ortancıl qardaşım Orxan atama dedi ki, bax, üç oğlun başının üstündədir. Atam var gücünü topladı və dedi ki, necə də xoşbəxtəm… Bu, atamın son sözləri oldu. Bir də atam vəsiyyət etmişdi ki, onu atası və qardaşının yanında dəfn edək. Biz onun sözündən çıxa bilməzdik. Buna görə də atamı Lənkəranda doğmalarının yanında dəfn etdik”.

Xalq artistinin oğlu taleyinin atasının taleyi ilə oxşarlığından da danışıb:

“Atamın taleyi ilə mənim taleyim oxşar olub. Onun da atası oğlunun musiqiçi olmasını istəmirdi. Anamın atama aldığı gitaraları iki dəfə sındırmışdı. Eyni taleyi mən də yaşadım. Atam da əvvəllər mənim müğənni olmağıma etiraz edirdi. Hətta anam məni musiqi dərslərinə gizlin aparıb-gətirirdi. Bunu sonradan bildi”.

Cəvahir