!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Merkelin Bakı səfəri: İqtisadi əlaqələrin kölgəsində qalan siyasi münasibətlər

!Reklam – Yazi

“Angela Merkelin Bakıya olan bu səfəri iqtisadi müstəvidə iki ölkə arasında əməkdaşlığın güclənməsinə gətirib çıxaracaq”.

Almaniyanın federal kansleri Angela Merkelin Azərbaycana ötən şənbə günü baş tutan səfərini dəyərləndirən ekspertlər bu barədə Yenicag.az-a verdikləri açıqlamalarda ikitərəfli əlaqələrdə iqtisadi aspektin daha öndə olduğunu bildiriblər.

Merkelin Bakıda apardığı müzakirələri Yenicag.az-a şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun fikrincə, bu səfərdən sonra Bakı ilə Berlin arasında həm ticarət dövriyyəsi, həm də Almaniyadan cəlb edilən investisiyaların həcmində artımlar olacaq:

“Etiraf edək ki, Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana gəlişi birmənalı olaraq, tarixi səfər kimi qiymətləndirilməlidir. Almaniya dünyanın aparıcı ölkələrindən biridir, Ümumi Daxili Məhsulun həcminə görə dünyada dördüncü, ixracat həcminə görə isə üçüncüdür. Yəni söhbət Avropanın ən böyük ölkəsinin Azərbaycana səfərindən gedir.

Sözsüz ki, kanslerin bu səfəri digər sahələrlə yanaşı, Azərbaycanla Almaniya arasında iqtisadi müstəvidə də əməkdaşlığın güclənməsinə təkan verəcək. Merkelin səfəri çərçivəsində iş adamlarının iştirakı ilə təşkil edilən görüşün də məqsədi iki ölkənin iqtisadi əməkdaşlığının gücləndirilməsi və daha çox investisiyanın cəlb edilməsinə nail olmaq idi. Məhz investisiyanın cəlb edilməsi baxımından iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanlar mövcuddur.

Almaniya dünyanın ən böyük investorlarından biridir və Azərbaycanın xüsusilə qeyri-neft sektoruna investisiyanın cəlb edilməsi baxımından mühüm tərəfdaşdır. Hazırda Azərbaycana yatırılmış Almaniya investisiyasının həcmi yarım milyard dollar civarındadır. İki ölkənin qarşılıqlı ticarət dövriyyəsi isə 900 milyon dollara yaxındır. Bu mənada həm ticarət dövriyyəsinin, həm də investisiyaların həcminin artırılması əsas prioritet olaraq qalmaqdadır.

Azərbaycan üçün Almaniya həm də alıcılıq qabiliyyəti baxımından Avropanın ən böyük və mühüm bazarıdır. Qeyri-neft sektoru məhsullarımızın ixracı çərçivəsində Almaniya bizim üçün cəlbedici ölkədir. Bu da standartlara uyğunlaşdırılması yolu ilə Almaniyaya daha çox məhsul göndərməyimizə imkan yaradacaq. Nəticədə ikitərəfli iqtisadi əməkdaşlığın güclənməsindən faydalanmaq imkanları genişlənəcək. Deməli, Merkelin bu səfəri Azərbaycanla iqtisadi əməkdaşlığın güclənməsi baxımından da vacibdir”.

Politoloq Qabil Hüseynli də Yenicag.az-a açıqlamasında Merkelin səfərinin iqtisadi müstəvidə daha uğurlu olduğu qənaətindədir. O, hesab edir ki, Almaniya kansleri siyasi məsələlərdə, əsasən də Qarabağ münaqişəsinə yanaşmada heç də səmimi davranmayıb:

“Angela Merkelin səfəri ilə Azərbaycan-Almaniya münasibətlərində, xüsusilə, iqtisadi əməkdaşlıq sahəsində yeni mərhələyə qədəm qoyulmasından danışmaq olar. Bu cəhəti ona görə qeyd edirəm ki, Merkel iqtisadi mövzuda daha açıq idi və özü ilə Bakıya xeyli sayda iş adamı da gətirmişdi. Bakıda iki ölkənin iş adamlarının iştirakı ilə biznes-forumun keçirilməsi də bu fikirləri təsdiqləyir.

Forumda Azərbaycana yüksək texnologiyalı məhsulların gətirilməsi və əlaqələrin genişlənməsi kimi məsələlər ətraflı müzakirə olundu. Azərbaycanın enerji sahəsində həyata keçirdiyi irimiqyaslı layihələrə də toxunan Merkel TAP və TANAP layihələri haqqında müsbət fikirlər səsləndirdi. Bütövlükdə onun Azərbaycana səfərinin müsbət məqamları kifayət qədər çoxdur”.

Bununla belə, politoloq hesab edir ki, Merkel siyasi məsələlərə münasibətdə qeyri-səmimi davranaraq, bəzi yanlışlıqlara yol verib:

“Onun “İnstaqram” səhifəsində Ermənistanı göstərib Azərbaycandan salam göndərməsi, düşmən ölkənin bayrağı fonunda məsələləri şərh etməsi kansler üçün o qədər də müsbət cəhət deyil. Postsovet məkanındakı münaqişələrə münasibətdə Almaniya Avropa Parlamenti və NATO sammitlərində həmin konfliktlərin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu dəfələrlə bəyan edib.

Amma bununla yanaşı, Merkelin Ermənistanda bir, Azərbaycanda isə başqa cür danışması, qəbuledilməz ifadələr işlətməsi sanki təzyiq altında olduğunu göstərirdi. O, Ermənistanda bildirdi ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək edəcəklər.

Bunun özü də müəmmalı yanaşmadır. Çünki Ermənistan işğalçı dövlət olaraq, Azərbaycan torpaqlarının iyirmi faizini işğal edib. Kansler isə bu barədə nəinki bir kəlmə də danışmadı, əksinə, işğalçı ölkəyə da dəstək verəcəklərini bildirdi.

O, ATƏT-in Minsk qrupunun üzv ölkələrindən birinin hökumət başçısı kimi Qarabağ münaqişəsinin həll variantlarına dair konkret heç nə demədi. Bu səbəbdən deyə bilərik ki, kansler Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycanın ərazi bütövlüyü məsələsinə ikili standartlarla yanaşaraq, işğala məruz qalanla işğalçıya eyni münasibət bəslədi. Ona görə də Almaniya çətin ki, Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycana real dəstək versin”.

ELÇİN

www.yenicag.az

1485
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv