!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Merkelin Türkiyə səfərinin pərdəarxası - Şərh

!Reklam – Yazi

Almaniyanın federal kansleri Angela Merkelin Türkiyə səfəri ikitərəfli münasibətlərin gələcəyinə müəyyən aydınlıq gətirdi.

Yeniçağ.Az xəbər verir ki, Almaniya kansleri Angela Merkel Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra özünü arxayın göstərməyə çalışsa da, ölkəsinin mediası onu məğlub görkəmində təqdim edib.
Merkelin Ankaraya səfəri Almaniyanın, ümumilikdə Qərbin Türkiyə ilə münasibətlərinin gərginləşdiyi dövrə təsadüf etdi. O baxımdan, Merkelin Ankarada aparacağı müzakirələr Türkiyə ilə Avropa İttifaqının (Aİ) münasibətləri baxımından da əhəmiyyətli sayılırdı. Almaniya kanslerinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra baş tutan birgə mətbuat konfransında nümayiş etdirdiyi tövrü danışıqların gərgin atmosferdə keçdiyinin təsdiqi sayıla bilər. Merkel danışıqlar zamanı müzakirə olunmuş məsələlər sırasında Türkiyənin FETÖ terror şəbəkəsinə bağlı şəxslərin təhvil verilməsinə dair tələblərinə xüsusi toxundu. O, ölkəsinin ədliyyə-hüquq sistemini əsas gətirərək, bu məsələnin həlli üçün müxtəlif prosedurların icrasının vacibliyindən danışdı. Merkelin bu fikirlərindən belə anlaşıldı ki, Almaniya FETÖ terrorçularını Türkiyəyə təhvil verməyə hazırlaşmır. Təbii ki, Merkelin bu yayındırıcı cavabı Ərdoğanı qane etmədi və Türkiyə prezidenti kanslerə tutarlı cavab verdi: “Gecikən ədalət, ədalət deyil”. Almaniya kansleri öz çıxışında “İslamçı terror” ifadəsini təkrar işlədərək, Ərdoğanın qəzəbli reaksiyası ilə üzləşdi: “Şəxsən mən müsəlman dövlətinin prezidentiyəm və bu ifadəni qəbul etmirəm. Belə bir ifadənin işlədilməsi qətiyyən doğru deyil”. Bundan sonra diqqəti daha çox müxtəlif istiqamətlərdə əməkdaşlığın davam etdirilməsinə yönəldən Merkelin Türkiyə rəhbərliyi ilə danışıqlarında hansı razılaşmaların əldə olunması isə bu ölkələrin atacaqları addımlardan görünəcək.

Merkelin Türkiyəyə səfərini və aparılan müzakirələrin mümkün nəticələrini Yeniçağ.Az-a şərh edən politoloq Araz Aslanlı tarixi xarakterə malik Türkiyə-Almaniya münasibətlərinin əvvəlki səviyyəyə qaytarılmasının hər iki tərəfin xeyrinə olacağını deyir:

Araz Aslanlı ile ilgili görsel sonucu“Təbii ki, Türkiyə-Almaniya münasibətləri hər iki dövlətin xarici siyasətinin ən vacib istiqamətlərindən birini təşkil edir. Bu münasibətlər həm də tarixi xarakter daşıyır və çoxşaxəlidir. Almaniyada yaşayan türklər, Almaniyanın PKK terroru ilə bağlı siyasəti, Türkiyənin Avropa İttifaqı və ümumiyyətlə, Qərblə münasibətləri, regional və qlobal təhlükəsizlik, iqtisadi əməkdaşlıq və s. hamısı bu münasibətlər baxımından çox əhəmiyyətlidir. Merkelin son səfərini də bu çərçivədə dəyərləndirmək mümkündür. Təbii ki, səfərin təsadüf etdiyi ərəfə çətin dövrdür. Bitmək bilməyən Suriya böhranı və bu böhranın xüsusilə Türkiyə, amma eyni zamanda Almaniya üçün də yaratdığı risklər, verdiyi zərərlər, bəxş etdiyi problemlər vacib amillərdəndir.

Türkiyə ilə Qərb dünyası arasında münasibətlərin müxtəlif səbəblərə görə nisbətən pis olması, Türkiyənin daxilindəki mürəkkəb proseslər, eləcə də 15 iyul hadisələrindən sonra yaşananlar Merkelin bu səfərindən öncəki mənzərəni daha da mürəkkəbləşdirirdi. Birgə mətbuat konfransında da aydın göründü ki, tərəflər mövqelərini elə də dəyişməyiblər. Merkelin “İslamçı terrorçu” ifadəsindən Ərdoğanın etirazlarına rəğmən yenidən istifadə etməsi, hüquq və azadlıqlarla bağlı gözləntiləri vurğulaması da, Ərdoğanın bunlara reaksiyası da gözlənilən idi. Amma məncə, hər iki tərəf üçün daha vacibi səfərin baş tutması idi. Səfər ilə bağlı Türkiyənin və Almaniyanın bir-birinə yaxın, eyni zamanda fərqli gözləntiləri var idi. Bunların hamısının reallaşma ehtimalı da təbii ki, mövcud deyildi. Amma ən azı münasibətlərin fasiləsizliyini təmin edən addım kimi dəyərli idi. Yəni Almaniya-Türkiyə münasibətləri elədir ki, gərginlik və anlaşılmazlıq olsa belə münasibətlər, müzakirələr davam etməlidir. Buna hər iki tərəfin ciddi ehtiyacı var: istər iqtisadi-siyasi mənada , istərsə də hərbi-təhlükəsizlik baxımından… Bu münasibətlər hər iki tərəfi üçüncü dövlətlərlə münasibətlərdə güclü edir. Merkelin səsləndirdiyi fikirlərin sətiraltı mənası isə bundan ibarətdir ki, gəlin, münasibətləri davam etdirək”.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

645
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv