Mərkəzi Asiyada ilk dəfə Özbəkistanda Azərbaycan QHT-ləri ilə bağlı əməkdaşlıq forumu keçirilir – FOTO

2024-cü il dekabrın 5-də Daşkənddə ilk dəfə Özbəkistan-Azərbaycan QHT-lərinin forumu işə başlayıb. 

Forumun rəsmi açılış mərasimində əvvəlcə hər iki ölkənin Dövlət Himnləri səsləndirilib.

Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayev 2023-cü ilin noyabrında Füzulidə Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumunu məmnunluqla xatırlayıb və bildirib ki, hazırki forum bu prosesin davamıdır.

Özbəkistanın Ali Məclisi yanında Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək İctimai Fondundan Ayırmaların İdarəedilməsi üzrə Komissiyanın sədri Adxam Şodmonov ilk dəfə dekabrın birinci həftəsinin Özbəkistanda “Vətəndaş cəmiyyəti həftəsi”kimi qeyd olunmağa başlandığını vurğulayıb, belə bir həftədə bu forumun keçirilməsini Azərbaycanla münasibətlərə verilən xüsusi əhəmiyyətin daha bir təzahürü kimi qiymətləndirib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev qeyd edib ki, artıq əminliklə demək olar ki, iki qardaş ölkənin vətəndaş cəmiyyəti, QHT-ləri arasında çox güclü dostluq, əməkdaşlıq, həmrəylik körpüsü fəaliyyətdədir: “Azərbaycan və Özbəkistan qardaş ölkələrdir, müttəfiqlərdir. Siyasi münasibətlər ən yüksək səviyyədədir. İki ölkənin QHT-ləri arasında da bağların möhkəmləndirilməsi, əlaqələrin genişləndirilməsi dövrün mühüm çağırışıdır.

Azərbaycan və Özbəkistan münasibətləri sürətlə inkişaf edir, bu tarixi uğur Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin yürütdüyü uzaqgörən siyasətə söykənir. Həm Azərbaycan, həm də Özbəkistan öz xalqlarının milli maraqlarına əsaslanan müstəqil, ləyaqətli siyasət yürüdürlər”. O, Özbəkistan QHT-lərinə COP29-la əlaqədar ilk gündən Azərbaycana verilən qardaş dəstəyinə görə təşəkkür edib: “Ötən müddətdə 100-ə yaxın Özbəkistan QHT-si COP29-la əlaqədar Azərbaycanla həmrəylik bəyanatı yayıb. Onlar Türk dünyasında ilk dəfə COP29-a evsahibliyi və sədrlik edən Azərbaycana güclü dəstək ifadə ediblər. Yeri gəlmişkən, ölkələrimiz artıq yaşıl enerji sahəsində də sıx əməkdaşlığa başlayır. COP29 çərçivəsində türk dövlətlərinin QHT-lərinin I forumu da keçirildi. Özbəkistan heyəti orada çox fəal iştirak etdi, vacib təşəbbüslər irəli sürüldü”. Tural Əliyev Azərbaycan və Özbəkistanın QHT-lərlə işləyən müvafiq dövlət qurumlarının QHT-lər üçün birgə qrant müsabiqələri elan etməsinin vaxtının çatdığını da bildirib: “Biz buna hazır olduğumuzu bəyan edirik. Özbəkistan QHT-lərinə Azərbaycanda layihələr icra etmək üçün bütün köməkliyi göstərməyə hazırıq”.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki, ötən il Füzulidə baş tutan forumdan sonra iki ölkənin QHT-ləri arasında əməkdaşlıq güclənib, Agentlik bu əlaqələrin daha da genişləndirilməsi üçün qarşıdakı dövrdə də fəal iş aparacaq.

Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin müşaviri Mahir Cəfərov bildirib ki, iki ölkə arasındakı yüksək səviyyəli əlaqələrdə QHT-lərin də layiqli töhfələrini verməyə başlaması münasibətlərə yeni çalar qatır.
Rəsmi açılış mərasimində Özbəkistanın Ali Məclisinin Senatının nümayəndələri, Azərbaycan və Özbəkistandan olan bir qrup QHT təmsilçiləri də iştirak edib.

Forumda Azərbaycanla bağlı videoçarx da nümayiş olunub.

Forum sessiyalarla davam edəcək.