Bu gün Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25% səviyyəsində dəyişməz saxlanılıb.
Yenicag.az xəbər verir ki, bu qərar 24 iyun 2024-cü ildən qüvvəyə minəcək.
Bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il iyul ayının 31-də açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, uçot faiz dərəcəsi sonuncu dəfə bu səviyyəyə 2021-ci ilin dekabr ayında endirilib.
Sonrakı tarixlərdə uçot faiz dərəcəsi davamlı olaraq artıb. 2023-cü ilin may ayında 9% səviyyəsinə kimi yüksəlib.
Məlumat üçün bildirək ki, uçot dərəcəsinin dəyişdirilməsində əsas məqsədlərdən biri inflyasiya səviyyəsini nizamlamaqdan ibarətdir.
Mərkəzi Bankdan bidirilib ki, 12 aylıq inflyasiya 1% təşkil edib və bu da nəzərdə tutulan hədəfdən aşağı olub.
Onu da qeyd edək ki, uçot faiz dərəcəsi və ya yenidən maliyyələşmə dərəcəsi mərkəzi bankların ölkənin digər banklarını və maliyyə qurumlarını pul kütləsi ilə təmin etməsidir. Yəni, Mərkəzi Bank banklara və digər maliyyə qurumlarına müəyyən müddət üçün pul verir və onlar həmin pulu geri ödəyərkən üzərində uçot faiz dərəcəsi həcmində əlavə vəsait qaytarırlar. Məsələn, mövcud uçot faiz dərəcəsinə (7,25%) uyğun olaraq Mərkəzi Bankdan 100 min manat götürən hər hansı bank bu vəsaiti bir ildən sonra geri qaytararkən əlavə olaraq 7 min 250 manat ödəməli olacaq.
Mərkəzi Banklar bu üsuldan istifadə edərək dövriyyədəki nağd pul kütləsini azaltmağa və bununla da inflyasiyanı cilovlamağa çalışırlar.