“Mərkəzi Bank yalnız istədiyi özəl banklara uçot dərəcəsinə uyğun qiymətə kredit verirsə…” – ŞƏRH

“Mərkəzi Bankın uçot dərəcəsi ilə özəl bankların kredit faizləri arasında mütənasiblik axtarmağın mənası yoxdur”.

Bu fikirləri Mərkəzi Bankın uçot dərəcələrini müəyyən ardıcıllıqla artırmasının özəl bankların kredit siyasətinə təsirini dəyərləndirən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

İqtisadçının sözlərinə görə, Mərkəzi Bank bu məsələdə özəl banklar arasında ayrı-seçkiliyə yol verdiyi üçün qeyd olunan sahədə iqtisadi qanunauyğunluqdan danışmaq mümkün deyil:

“Bəli, Mərkəzi Bankın müəyyənləşdirdiyi uçot dərəcələri onun özəl banklara verdiyi kreditin faizini ifadə edir. Yəni Mərkəzi Bank uçot dərəcələrini artırırsa, normalda özəl banklar da kredit faizlərini artırmalıdırlar. İqtisadi qanunauyğunluq bunu tələb edir.

Amma Azərbaycanda elə bir vəziyyətdir ki, Mərkəzi Bank heç də özəl bankların hamısına müəyyənləşdirdiyi uçot dərəcəsi əsasında kredit vermir. Sadəcə, Mərkəzi Bankın özünün “seçdiyi” özəl banklar bu imkandan yararlana bilirlər.

Belə olduqda, Mərkəzi Bankın uçot dərəcəsi ilə özəl bankların kredit faizləri arasında mütənasiblik axtarmağın yeri olmur. Daha konkret desək, Mərkəzi Bank yalnız istədiyi özəl banklara uçot dərəcəsinə uyğun qiymətə kredit verirsə, burada hansı qanunauyğunluqdan danışa bilərik?

Digər tərəfdən, Azərbaycan reallığında Mərkəzi Bankın müəyyənləşdirdiyi uçot dərəcəsi heç nəyi həll etmir. Məsələn, Mərkəzi Bank 2008-09-cu illərdə uçot dərəcəsini üç-dörd faizə qədər aşağı salmışdı. Buna baxmayaraq, özəl banklar əhaliyə kreditləri dəfələrlə, hətta indikindən də yüksək faizlə verirdilər. O baxımdan, indiki gerçəklikdə uçot dərəcəsinin özəl bankların kredit siyasətinə təsirindən danışmaq yersizdir”.

A.Zeynalov