Mərkəzi Bankın effektsiz PUL SİYASƏTİ: “Bu tədbirlər biznesə mənfi təsir göstərərək inflyasiyanı…”

“Həyata keçirilən ağır prudensial tədbirlər bank sektorunun kiçilməsinə və kredit faizlərinin artmasına səbəb olur”.

Bu fikirləri Mərkəzi Bankın (AMB) pul siyasəti qərarı ilə bağlı gözləntiləri dəyərləndirən iqtisadçı Elçin Rəşidov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, AMB-nin bank sektorunda həyata keçirdiyi ağır prudensial tədbirlər iqtisadiyyata mənfi təsir göstərir:

“Faiz dərəcəsi ilə bağlı qərarın Mərkəzi Bankın inflyasiya proqnozu ilə əlaqələndirildiyi qeyd edilir. Burada bir neçə nüansa diqqət yetirmək lazımdır. Öncə bunun inflyasiya ilə heç bir əlaqəsinin olmadığı vurğulanmalıdır. Belə ki, Mərkəzi Bank hazırda manatın əlavə dəyər qazanmasını və ya itirməsini dolların məzənnəsini sabit saxlamaq amilinə bağlayıb.

Həmin mexanizmə görə, bu addım sayəsində bazarda yaranacaq qıtlıq əsasında manatın dəyəri qalxacaq. Əslində, praktikada belə bir hal yoxdur. Çünki manatın bazarda həcmi azalarsa və dollar bahalaşarsa, AMB dərhal müdaxilə edərək bunu balanslaşdıracaq.

Digər tərəfdən, Mərkəzi Bankın inflyasiya hədəfləməsi yanlışdır. AMB-nin həyata keçirdiyi ağır prudensial tədbirlər bank sektorunun kiçilməsinə və kredit faizlərinin artmasına səbəb olur. Bu da ölkənin Ümumi Daxili Məhsulunun azalması ilə nəticələnir.

Dolayısı ilə kredit faizlərinin artması üzündən biznes də faiz dərəcələrini yüksəltməklə, investisiya qoyuluşunu mümkünsüz edir. Bütün bunlar yekunda iqtisadiyyatın böyüməsinin qarşısını alır. Müvafiq təkliflərimi Mərkəzi Bankın əvvəlki və indiki rəhbərliyinə şəxsən çatdırmışam. Bu zaman şahidi oldum ki, həmin şəxslər uyğun təhlil potensialına malik deyillər.

MB-nin açıqlamalarında qeyd edilir ki, məsələ ilə bağlı makriqtisadi təhlillər aparılır. Ancaq o təhlillərin nəticələrinə dair heç bir informasiya verilmir. Əksinə, bu addımlar biznesə və yerli istehsala mənfi təsir göstərərək inflyasiyanı şərtləndirir”.

Yusif Səmədzadə

COP29