Mərkəzi Bankın faiz siyasətindəki TƏZAD: “Kredit kartlarına tələbin artması həm də…”

“Statistika hələ də göstərir ki, kredit faizləri depozit faizlərindən 2 dəfə çoxdur”.

Bu fikirləri Mərkəzi Bank tərəfindən təşkil olunan 2023-cü ilin III rübü üzrə bank sektorunun kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrinə münasibət bildirən Milli Məclisin deputatı Vüqar Bayramov Yenicag.az-a açıqlamasında deyib.Millət vəkilinin sözlərinə görə, mövcud statistika kredit faizlərinin depozit faizlərini 2 dəfədən çox üstələdiyini göstərir:

“Məsələ ondan ibarətdir ki, bütövlükdə həm kreditlərə, həm də kredit kartlarına tələbatın artdığı müşahidə olunur. Sorğuya əsasən, ümumiyyətlə, kredit siyasətinin yumşaldılması kursu davam etdirilir.

Eləcə də kredit kartlarına tələbin artması istehlak kreditləşməsinə yönəlik tələbin də artması anlamına gəlir. Təbii, bu fonda Mərkəzi Bank da çalışmalıdır ki, kredit faizlərinin optimallaşdırılmasını və düzgün tənzimlənməni həyata keçirsin.

Çünki bu gün ən ciddi məsələlərdən biri kredit faizlərinin optimallaşdırılması və aşağı salınması zərurətidir. Statistika hələ də göstərir ki, kredit faizləri depozit faizlərindən 2 dəfə çoxdur.

Ona görə də keçirilmiş sorğunun nəticələrinə əsasən, tələbin artması kontekstində Mərkəzi Bankın fəaliyyətini genişləndirməsi və artan tələb fonunda kredit faizlərinin optimallaşdırılmasına nail olması çox vacibdir”.

Yusif Səmədzadə

COP29