“Mərmər soyuğu”nun Moskva TRİUMFU: Azərbaycan filmi baş mükafata layiq görüldü – FOTOLAR

Noyabrın 24-29-da Rusiya paytaxtında postsovet ölkələrinin iştirakı ilə keçirilən V Beynəlxalq “Moskva premyerası” kinofestivalında azərbaycanlı rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi ümumilikdə 3 mükafat qazanıb.

Kino tənqidçilərinin “Qızıl kirpi”, “Ən yaxşı kişi rolu”na görə və Qran-pri mükafatları məhz “Mərmər soyuğu” filminə təqdim olunub.

Kinofestivalın “Ən yaxşı kişi rolu” nominasiyasında baş mükafatına layiq görülən filmin baş qəhrəmanı xalq artisti Qurban İsmayılov təəssüratlarını Yenicag.az-la bölüşüb:

“Xəbəri ilk olaraq filmin rejissoru Asif Rüstəmovdan aldım. Çox sevindim təbii ki… Bu film dəfələrlə beynəlxalq mükafatlara layiq görülüb, bu da növbəti uğurdur. Bütün yaradıcı heyəti ürəkdən təbrik edirəm”.Filmin digər baş rol ifaçısı Natavan Abbaslı Yenicag.az-a açıqlamasında filmin növbəti uğurundan danışıb:

“Mərmər soyuğu”nun nüfuzlu kinofestivalda üç mükafata layiq görülməsi xəbərini alanda, həqiqətən, çox sevindim. Çəkildiyim filmlərin beynəlxalq mükafatlar qazanması məni çox ruhlandırır. Bu da baş rol aldığım filmin növbəti beynəlxalq uğuru idi.

Filmlə bağlı hər bir xəbər, hər bir uğur məni yenidən ekran işinin çəkilişləri dönəminə qaytarır. Bir daha anlayıram ki, yaradıcı insan üçün çəkildiyi filmin uğurundan zövqverici heç nə ola bilməz”.

Qeyd edək ki, “Mərmər soyuğu” filmi “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya (İTV), Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətinin birgə layihəsidir.

Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və Rulof Jan Minnebo (Hollandiya), quruluşçu rəssamları Oqtay Namazov və Adil Abbasov, quruluşçu rəssamı Rafiq Nəsirov, prodüseri Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seil, kreativ prodüseri İradə Bağırzadədir.

Cəvahir

COP29