Oktyabrın 13-ü günorta radələrində Qusar rayonunda, meşə gözətçisi Abdullayev Səbuhi Nurəddin oğlu öz xidməti vəzifəsini yerinə yetirərkən, rayon Polis Şöbəsinin iki əməkdaşı, Ədalət və Əsman adlı polislər tərəfindən vəhşicəsinə döyülüb.
Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məlumata görə, polislər tərəfindən döyülərək meşədə atılıb qalan meşə gözətçisini onun yoxluğundan narahat olaraq axtaran qohumları huşsuz və köməksiz halda taparaq, rayon xəstəxanasına çatdırıblar.
İki polis tərəfindən döyülərək, ağır bədən xəsarətləri alan Səbuhi Abdullayev Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. O, hazırda reanimasiya şöbəsinə yerləşdirilib.
Bundan başqa yayılan məlumatda Qusar rayon Polis Şöbəsinin rəisi Zaur Bədəlovun Meşə fonduna aid topraqlarda qanunsuz olaraq, özü üçün villa tikdirdiyi də qeyd olunub. Villanın qanunsuz tikildiyini görən Ekologiya və Təbii Sərvətlər nazirliyinin əməkdaşları polis rəisini 65 min manat cərimə ediblər.
Bu barədə sosial mediada fikirlərini bölüşən jurnalist Cəmil Məmmədlinin sözlərinə görə, “Bundan əsəbləşən polis rəisi Zaur Bədəlov şəhərdə və şəhər ətrafında xidmət aparan polisləri meşələrə tökərək, onların “xidməti dislokasiyasını” dəyişib. Hətta bundan qabaq da bir nəfər meşəbəyini polislər döyüb, xəstəxanalıq ediblər.
Görünən budur ki, polis rəisi Ekologiya nazirinin cərimə qərarından necə əsəbləşibsə, öz əməkdaşlarına “dağlarda döyüş” əmrini verib”.
Qeyd olunub ki, bir müddət əvvəl rayon sakinləri baş verənlərə etiraz edərək Rayon icra hakimiyyətinin, Meşə İdarəsi və Polis Şöbəsinin qarşısında toplaşıblar. O zaman sakinləri şirin dilə tutaraq, onları sakitləşdirən rayon rəhbərliyi iki gündür ki, bu hadisəyə münasibət bildirmir.
Məlumat gec saatlarda daxil olduğu üçün Qusar polisinin məsələyə münasibətini öyrənə bilmədik. Ancaq cavab haqqını yayımlamağa hazırıq.