“Məsələ siqaretə görə cərimələrdən büdcəyə nə qədər pul keçməsində deyil” – Millət vəkili

“Çox yaxşı haldır ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun qəbulundan sonra insanların davranışında müsbət dəyişikliklər var”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında qanunun qəbulundan sonra yaranmış vəziyyəti dəyərləndirən millət vəkili Vahid Əhmədov deyib.

Əhmədovun sözlərinə görə, haqqında danışılan qanunun tam işlək hala gəlməsi bir sıra qanunvericilik aktlarına nəzərdə tutulan dəyişikliklərin qəbulundan sonra mümkün olacaq:

“Sözümün əvvəlində bildirmək istəyirəm ki, bu qanunun qəbulunda əsas məsələ vətəndaşların cərimələnməsi və o cərimələrdən büdcəyə nə qədər pul keçməsində deyil. Məqsəd insanların düşüncələrində dəyişikliyə nail olmaq, onları bəzi xoşagəlməz davranışdan çəkindirməkdir.

Yayılan məlumatlardan və öz müşahidəmdən belə nəticəyə gəlirəm ki, həmin qanunun qəbulundan sonra bu istiqamətdə müsbət dəyişikliklər müşahidə olunmaqdadır. Yəni bir çox insanlar artıq harada gəldi yox, müəyyən edilmiş yerlərdə siqaret çəkməyə başlayıblar. Bizim də istədiyimiz budur.

Bəli, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun qəbulu artıq onun tələblərini pozan vətəndaşları cərimələməyə imkan verir. Ancaq bu qanunun tam işləməsi İnzibati Xətalar Məcəlləsi və digər müvafiq qanunvericilik aktlarına ediləcək dəyişikliklərdən sonra mümkün olacaq”.

A.Zeynalov

COP29