Tanınmış aparıcı Cavid Gülün Yenicag.az-a müsahibəsini təqdim edirik
– Bir çox həmkarların gündəmdə qalmaq üçün şouya əl atır. Belələrinə qarşı münasibətiniz necədir?
– Bu gün gündəmdə qalmaq üçün neyləməlisən? Ağzına gələni etməlisən, olursan gündəm. Sadəcə olaraq, mənim buna ehtiyacım yoxdur. Belə şeylər xasiyyətimə uyğun deyil. Ola bilər kimsə istəyir, hər yerdə ondan danışsınlar, fərq etməz yaxşılığına, ya pisliyinə. Mənə lazım deyil. Yoxsa ki, eifrə çıxıb kiminləsə vuruşsam, ya əxlaqsız bir hərəkət etsəm gündəm olmağa kifayət edər. Heç vaxt etməmişəm, etmərəm də. Kimsə edirsə də öz işidir.
– Bəlkə cəmiyyətin qınağından ehtiyatlanırsınız?
– Yox, xasiyyətim imkan vermir. Cəmiyyətə nə var e, bu gün səni söyəcək. Gələn həftə artıq populyar olduğun üçün hörmət edəcək.
– Sosial şəbəkədə sizi söyüb, təhqir ediblər?
– O qədər söyüblər, elə birini bayaq sildim.
– Niyə, səbəb nədir?
– O qədər başdanxarab adam var ki… Bəlkə də onun üçün səbəb var. Şəkil paylaşanda, yaxud da canlı yayım edəndə, söyürlər.
– Reaksiyanız necə olur ?
– Əhvalım yaxşı olanda bloka atıram, kefsiz olanda ikiqat söymüşəm. Əslində onlara baş qoşmaq lazım deyil. Normal adam kiminsə fotosunun altına təhqir yazmaz. Ya müsbət, ya da mənfi fikir bildirər. Dostluğumda 100 min adam var. O tip insanları bloka atmışam deyə, indi normal insanlardır.
– Xaraktercə necə birisiniz, davakarsınız?
– 25 yaşımdan sonra başlamışam özümü səbirli aparım. Əvvəl belə deyildim. İndi də çalışıram özümü səbirli aparım, bəzən çılğınlıq, dəlilik olur.
– İndiyə qədər ən sərt reaksiyanız necə olub?
– Söhbət davadan gedirsə, efirdə texniki işçiylə problemim oldu, əlbəyaxa davaya çıxdım.
– Davadan sonra həmin adamlarla münasibət bitir, yoxsa davam edir?
– Şou-biznesdə əlbəyaxa olduğum adamlar olub ki, sonradan bir-birimizi anlamışıq.
– Kənardan eqoist təsir bağışlayırsınız?
– Bu günlərdə həmkarım Afaqla birgə Dillər Universitetində tələbələrlə görüşdə idik. Tələbələrdən biri sual verdi ki, efirdən çox eqoist görünürsünüz, niyə beləsiniz. Görüş bitəndən sonra yaxınlaşıb dedi ki, təəssüratım yanlış olub, belə deyilsinizmiş. Ola bilər, görünüş olaraq beləyəm.
– Heç bəyənmədiyiniz xüsusiyyətləriniz hansıdır?
– Tənbələm, çox ünsiyyətcil deyiləm. Şirinlik edim və.s belə xüsusiyyətlərim yoxdur. Sözü düz üzünə deyirəm.
– Komplekslərin yoxdur ki?
– Yox, çoxu deyir ki, boyum balacadır, kompleksim var. Dünən boyca məndən biraz balaca müğənni soruşdu ki, boyuna görə kompleks keçirmirsən ki?Deyirəm heç vaxt. Önəmli olan kişinin qazancıdır. Bugünkü gündə kişinin normal qazancı olmalıdır, xanıma qarşı diqqətlə davranmalıdır.
– Şəxsi həyatınızı həmişə gizli saxlayırsınız?
– Nə qədər gizli saxlasam da yazırlar. Bəzən gizli sevgi yaşadığımı yazırlar və s. Bu sözlərdən sonra küsən qızlar ortaya çıxır. Heç tanımadığım qızlar incikliyini yazıb, bloka atır.
– Subaylığın daşını atmaq fikriniz yoxdur ki, hələ?
– Həyatımda biri var, amma evlilik ciddi addımdır. Bu gün də ola bilər, sabah da, baş verməyə də bilər. Evlənib bir ildən sonra boşanmaq istəmirəm.
– Hansı hərəkət sevgiyə nöqtə qoya bilər?
– Çox şey, məqamına baxır.
– Xanımda dəyərləndirdiyin üç xüsusiyyət hansıdır?
– Sadiqlik, təmizlik və bəyinə qarşı diqqətli olmalıdır.
– Bəs gözəllik?
– Gözəllik xəstəsi deyiləm, çünki gözəllik bir müddət sonra itib gedəcək.
Cəvahir