Məşhur azərbaycanlı doktor onu öldürtmək istəyənin adını açıqladı: Prezidentin əmisinin həkimini kim hədələyir? – FOTOLAR

Prezident İlham Əliyevin əmisi, Heydər Əliyevin kiçik qardaşı Aqil Əliyevin şəxsi həkimi olmuş Şahbaz Şahbazova qarşı sui-qəsd təşkil edilib

Yenicag.az xəbər verir ki, bu barədə Şahbaz Şahbazov özü məlumat verib.

Ş.Şahbazov ortağı İlham Məmmədov tərəfindən ona qarşı sui-qəsd təşkil edildiyini, həyatının təhlükədə olduğunu bildirib:

“Çox təəssüflər, mənə və ailəmə qarşı böyük haqqsızlıq ve ədalətsizlik davam edir. Bütün bu qeyri-qanuni iyrənc əməllərin arxasında ortağım İlham Məmmədov Almas oğlu durur. Mal-mülkümə qeyri-qanuni əl qoyub mənimsəməyi bir tərəfə, həyatım artıq təhlükədədir. Mənə qarşı sui-qəsd hazırlanıb. Sui-qəsdlə bağlı 2 nəfər Türkiyədə həbs olunub.

Türkiyə hüquq mühafizə orqanlarının işçilərinə məni ölümdən xilas etdikləri üçün ömrüm boyu minnətdaram. Hal-hazırda mənə qarşı sui-qəsdlə bağlı araşdırma gedir.

Kimin tərəfindən sifariş edildiyi və hazırlandığı haqqında mənə məlumat verilib, lakin bunun tam olaraq araşdırılması hüquq mühafizə orqanlarının işidir. Gecdə olsa haqq-ədalətin yerini tapacağına inanıram”.

Şahbaz Şahbazov məsələ ilə bağlı prezident İlham Əliyevə də müraciət edib:

“Hörmətli Cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək məhkəmə və hüquq-mühafizə orqanlarında mənə və ailəmə aid olan məsələləri öz nəzarətlərinə götürüb və haqq-ədalətin bərpasında kömək etməklərini çox xahiş edirəm”.

Qeyd edək ki, həkimin hədəf göstərdiyi İlham Məmmədovla bağlı internet resurslarında ciddi ittihamlar səslənməkdədir.