“Son günlər “Qarabağ” mahnısının ermənilər tərəfindən mənimsəmilməsinə olan cəhdə cəmiyyətin və dövlət qurumlarının nə qədər həssas yanaşması məni çox mütəəssir etdi. Dəstəyinizə görə var olun!”
Yenicag.az xəbər verir ki, bu sözləri sözügedən mahnının müəllifi məşhur bəstəkar Bəhram Nəsibovun qızı Güldəstə Nəsibova əsərin qanunsuz mənimsənilməsi və müəlliflik hüququnun digər şəkildə pozulması ilə bağlı birgə yayılan bəyanata cavab olaraq deyib.
O, atasının dillər əzbəri olan bu məşhur mahnısının yaranma tarixini xatırladıb:
“Atam Bəhram Nəsibovun müəllifi olduğu “Qarabağ” mahnısının çox ağrılı yaranma tarixçəsi var. Bu barədə vaxtilə özü danışmışdı. 60-cı illərdə (konkret tarixi məlum deyil, amma dəqiq bilirəm ki, atam mahnını tələbəlik illərində yazıb) tələbə yataqxanasının erməni komendantı atamı belə mahnı yazdığına görə yataqxanadan qovmuşdı. Nə yaxşı ki, atam mahnını vaxtında Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirib. Mahnının qeydiyyat tarixi 1972-ci ildir. Əqli Mülkiyyət Agentliyində atamın öz əliylə yazdığı ərizəni bizə də göstərdilər. 44 günlük Vətən Müharibəsindən sonra bu mahnı başqa bir məna kəsb elədi və azad Qarabağamızın himninə çevrildi. Bir övlad kimi artıq Vətənimzin ayrılmaz parçası olan Qarabağdakı tədbirlərin “Qarabağ” mahnısı ilə açılıb-qapanmasını görmək çox xoşdur, ifadə edilməsi mümkünsüz bir hissdir, qürurdur, fəxrdir. Bunu ermənilər də görür və anlayır. Elə ona görə də bir vaxtlar erməni komendatın başlatdığı çirkin işi davam etdirirlər, müəllifin ruhunu incidir, məğlubiyyətin gətirdiyi acizlik, natamamlıq sindromlarını ört-basdır etməyə çalışırlar”.
Bəstəkarın qızı məsələyə xüsusi diqqət göstərdiyinə görə Əqli Mülkiyyət Agentliyinə və Mədəniyyət Nazirliyinə ailəsi adından dərin təşəkkürünü bildirib.
Cəvahir