Məşhur diktordan AĞIR SÖZLƏR: “Paltar dizdən yuxarı, düşüb ortalığa dingildəyir”

“Baxırsan paltar dizdən yuxarı, dişini ağardır, düşüb ortalığa dingildəyir. Niyə dingildəyirsən?”

Bunu Yenicag.az-a açıqlamasında xalq artisti, məşhur diktor Ofeliya Sənani teleməkanda özünü apara bilməyən, özünə hörmət etməyən aparıcılarla bağlı fiikrlərini bölüşərkən deyib.

Məşhur diktor xəbər və şou aparıcılarına səslənərək, onları peşələrinə hörmətlə yanaşmağı tövsiyə edib:

“Baxırsan efirdə musiqili veriliş gedir. Aparıcının paltarı dizdən yuxarı, dişini ağardır, düşüb ortalığa dingildəyir. Niyə dingildəyirsən? Axı sən aparıcısan. Oynamaq olar e, amma daha bütün veriliş boyu yox. Toyda belə kimsə çox oynayanda ona deyirlər ki, bir az dincəl. Verilişdə musiqi səslənir, aparıcı müğənnidən qabaq düşür ortalığa oynayır. Sən münasibətini bildir, ortalığa düşüb dingildəmə. Aparıcı özünə hörmət etməlidir. Elə davran ki, izləyicin sənə hörmət etsin. Günü bu gün də küçəyə çıxanda qadınlar tökülür üstümə, qucaqlayıb-öpürlər. Bu hörməti, sevgini qazanmaq və qorumaq lazımdır”.

O. Sənani xəbər aparıcılarına da məsləhət verib:

“Xəbəri üzündən, səthi oxumaqla iş bitmir. Xəbəri elə çatdırmalısan ki, sənə inansınlar, sona qədər dinləsinlər. Aparıcı xəbərin içində olmalıdır, “çaşmadım, xəbəri çatdırdım” deməklə missiyalarını bitmiş hesab etməsinlər”.

Cəvahir