Məşhur idmançı Mübariz İbrahimova görə məhkəməyə üz tutdu

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu təhqir edən psixoloq Nərmin Şahmarzadə məhkəməyə verilib.

Yenicag.az xəbər verir ki, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti Araz Musayev və vəkil Ramil Rüstəmov mətbuat konfransı keçirərək bunu rəsmən bəyan ediblər.

Arar Musayev çıxış edərək bunları deyib: “Nərmin Şahmarzadə sosial şəbəkələrdə Mübariz İbrahimov haqqında tənqidi fikir səsləndirəndə əvvəlcə fikir vermədim. İkinci dəfə çıxış edəndə isə vəkil Ramil Rüstəmova müraciət etdim. Hüquqşunas Nərmini məhkəməyə verməyimə dəstək oldu. Məsələdən Mübarizin atası Ağakərim İbrahimov da xəbərdardır. O mənə dedi ki, Mübariz artıq mən yox, xalqın övladıdır. Biz də Xətai Rayon Məhkəməsinə müraciət etmişik. Artıq 25 dekabrda ilk məhkəmə prosesi başlayacaq. Psixoloqun ağır şəkildə cəzalandırılmasını istəyirik”.

Ramil Rüstəmov isə çıxışında bildirib ki, milli dəyərlərimizlə bağlı olan məsələlərdə susmaq olmaz. Vəkilin sözlərinə görə, bu gün bu məsələyə sussaq, sabah digər şəxslər də Nərmin kimi şəhidlərimizə və qəhrəmanlarımıza dil uzadacaqlar.

Qeyd edək ki, Araz Musayev və vəkil Ramil Rüstəmov məhkəmə ilə yanaşı, Daxili işlər naziri Ramil Usubova, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyeva, Milli Məclisə məktubla müraciət ediblər.