“O qadın Qazax rayonu Daş Salahlı kənd qəbristanlığında basdırılıb, bunu kənd bələdiyyəsindən də dəqiqləşdirə bilərsiniz”.
Yenicag.az qısa müddətdə trendə çevrilən “Ölüf, ölüf” videosunun əsas fiquru, Qazax rayonu Nəriman Nərimanov qəsəbəsinin sakini Xanlar Lalayevlə müsahibəni təqdim edir.
– Ölkədə böyük səs-küy doğuran, hələ də baxılan və müzakirə olunan məlum videoda kiminsə öldüyünü deyirsiniz. Söhbət kimdən gedir?
– Söhbət qardaşımın mərhum həyat yoldaşı Lalayeva Gülnar Namaz qızından gedir. Səsverməyə gedəndə, öz adımı axtaran zaman siyahıda özümün və qardaşımın adının altında onun ölmüş həyat yoldaşının da adını gördüm.
– Gülnar xanım nə zaman vəfat edib?
– Qırxı təzə çıxıb. Seçkiqabağı səsvermə üçün bizə həm də rəhmətə getmiş o xanımın adına bildiriş gətirildi. Mən də bələdiyyə işçisinə o qadının vəfat etdiyini dedim. Onu da dedim ki, ayıbdır, qadının adını siyahıdan çıxarın. O da tez bildirişi aldı və büküb cibinə qoydu. Amma səsvermədə onun adının siyahıda olduğunu gördüm. Oradakı komissiya üzvünün adı səhv etmirəmsə, Firəngiz xanım idi. Ona dedim ki, bu adam ölüb, onun adını siyahıdan çıxarın. “Qardaşım da 20 ildir, Binəqədidə yaşayır, bunun adını bura niyə salmısınız? Həyat yoldaşınınn adını da çıxardın, ölüb bu adam, ölüb” – dedim. “O səndən ötrü ölüb, bizdən ötrü ölməyib” cavabını eşidəndə, artıq özümdən çıxdım. Ölü, ölüdür də, bunun başqa adı yoxdur axı…
– Söhbət hansı kənddən gedir?
– Qazax rayonu Nəriman Nərimanov qəsəbəsi, 5 nömrəli seçki məntəqəsi.
– Ancaq dünən Mərkəzi Seçki Komissiyasında o video müzakirə olunub, MSK üzvləri deyiblər ki, həmin qadın ölməyib, yaşayır…
– Qadın Qazax rayonu Daş Salahlı kənd qəbristanlığında basdırılıb. Bunu kənd bələdiyyəsindən də dəqiqləşdirə bilərsiniz.
– Videodan sonra sizə hər hansı formada təzyiq göstərilib?
– Videodan xəbərim yox idi, belə bir şeyin olduğunu dostumdan öyrəndim. Heç bir təzyiq olmayıb. Bir şeyi də deyim, mən həyat yoldaşımdan boşanmışam. Guya deyirlər ki, mənim orda “ölüb” dediyim keçmiş həyat yoldaşımdır. Amma o, deyil. Söhbət qardaşımın vəfat etmiş keçmiş həyat yoldaşından gedir. Nə qədər də axmaq olasan ki, diriyə ölü deyəsən.
– O qadının ölmədiyini iddia edənlərə sözünüz var?
– Deyirəm ki, utanın, bu qədər yalan olmaz.
Aqil Bəkir