Məşhur prodüserdən GİLEY-GÜZAR: “Xudayar haqqında çəkdiyim filmi heç bir telekanal…” – VİDEO

“Bir çox sponsorlara müraciət etdim, amma çoxu qaçıb gizləndi, kömək etmədilər”.

Bu fikirləri yerli telekanalların dəyərlərə laqeydliyindən gileylənən tanınmış prodüser Namiq Qafarov Yenicag.az-a açıqlamasında deyib.

Telekanallardan incikliyini ifadə edən prodüser belə məqamlarla qarşılaşdığı zaman qol-qanadının qırıldığını bildirib:

“Özümə borc bildim ki, şəhidlərimiz haqqında film çəkim. Bir çox sponsorlara müraciət etdim, amma çoxu qaçıb gizləndi, kömək etmədilər. Lakin mən avtomobilimi girov qoyub Xudayar Yusifzadə haqqında “Dastana döndü” filmini çəkdim.

O filmdə Xudayarın simasında 6 şəhidimizdən bəhs olunur. Təqdimatını da etdim, kinoteatrlarda da nümayiş olundu, sosial şəbəkələrdə də yayıldı. O qədər xoş sözlər yazdılar ki… Xüsusilə də şəhid analarından belə sözlər eşidəndə qürurlandım.

Ancaq bir dəfə də olsun telekanallardan bir adam maraqlanmadı ki, gətir o filmi, efirdə nümayiş etdirək, gənc nəsil görsün, analar necə qəhrəman oğullar dünyaya gətirib. Başqa vaxt deyirlər, şəhidlər başımızın tacıdır…

Heç mənim adımı da çəkməyin, titrdən də silin, amma filmi efirdə nümayiş etdirin də… Hansısa bir müğənniyə bayağı mahnı oxutdursaydım, mahnı trendə düşsəydi, o saat deyərdilər, Namiq müəllim, gətirin o mahnını efirə verək. Niyə axı belə olmalıdır?

Mən də özümü düşünsəydim, elə maşını satıb özümə yeni avtomobil alardım. Amma bunu etmədim, köhnə maşınımı girov qoydum ki, təki şəhidlərin həyatını ekranlaşdırım. Bunu özümə borc bildim. Lakin belə laqeydlik görəndə insan sınır, inciyir, qol-qanadı sınır”.

Cəvahir

COP29