Məşhur amerikalı reper və prodüser Şuq Nayt istintaqla müqavilə bağlayıb və qətlə görə 28 il müddətinə azadlıqdan məhrum edilib.
Yenicag.az xəbər verir ki, 28 illik müddət təqribən 3,5 il azaldılacaq, çünki reper məhkəmə prosesi zamanı bu müddəti qazamatda keçirdib.
53 yaşlı musiqiçinin özü isə affekt vəziyyətində törədilmiş qətl işi üzrə ittihama etiraz etməyəcəyi ilə razılaşıb.
Reper 2015-ci ilin yanvarında pikap ilə iki nəfəri vurub. Onlardan biri xəstəxanada ölüb. Ölən şəxs Naytın dostu və “Heavyweight Records”un təsisçisi Terri Karter olub. Şahidlərin sözlərinə görə, Nayt dostu ilə mübahisə etdikdən sonra maşını onun üzərinə sürüb. Reper özü bildirib ki, kişinin üzərindən keçmək niyyətində olmayıb və onu güllələyəcəklərindən qorxaraq oradan qaçmaq istəyib.
Şuq Nayt, xüsusilə məşhur repçilər 2Pac, Dr. Dre və Snoop Dogg-un bəstələrinin buraxıldığı “Death Row Records” səsyazma studiyasının təsisçisi və keçmiş baş direktorudur./Report/