Türkiyənin məşhur “Savaşçı” serialının son bölümündə Azərbaycan şairi Əhməd Cavadın “Çırpınırdı Qara dəniz” şeiri səsləndirildi. Yeniçağ.az xəbər verir ki, “FOX TV”də yayımlanan serialda düşmən mühasirəsində olan türk əsgərləri növbədə olarkən, “Çırpınırdı Qara dəniz” şeirini oxuyurlar.
Qeyd edək ki, Azərbaycan və Türkiyədə populyar olan, dinləyicilərə vətənpərlik ruhu aşılayan mahnı Azərbaycanın dahi şairi Əhməd Cavadın 1914-cü ildə Gəncə şəhərində yazdığı “Çırpınırdı Qara dəniz” şeirinə məşhur Azərbaycan bəstəkarı Üzeyr Hacıbəyov tərəfindən dörd il sonra -1918-ci ildə bəstələnmiş musiqi əsasında yaranmışdır. O zaman Üzeyir bəy bu mahnını Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycandakı qəhrəmanlıqlarına ithaf edib.
“Çırpınırdı Qara dəniz” şeiri 1919-cu ildə Əhməd Cavadın ikinci şer kitabı olan “Dalğa”da da dərc olunub. Mahnı Azərbaycanda iki ifaçının ifasında daha populyardır.
Şeiri və videonu təqdim edirik:
Çırpınırdı Qara dəniz
Çırpınırdı Qara dəniz
Baxıb Türkün bayrağına!
“Ah!…” deyərdim, heç ölməzdim
Düşə bilsəm ayağına.
Ayrı düşmüş dost elindən,
İllər var ki, çarpar sinən!..
Vəfalıdır gəldi, gedən,
Yol vər Türkün bayrağına!
İncilər tök, gəl yoluna,
Sırmalar səp sağ, soluna!
Fırtınalar dursun yana,
Salam Türkün bayrağına!
“Həmidiyyə” o Türk qanı!
Həç birinin bitməz şanı!
“Kazbek” olsun ilk qurbanı!
Heyran Türkün bayrağına!
Dost elindən əsən yellər,
Bana şer, salam söylər.
Olsun turan bütün ellər
Qurban Türkün bayrağına!
Yol ver Türkün bayrağına!!!
Gəncə şəhəri, dekabr 1914
Yeniçağ.az