“Araz” supermarketlər şəbəkəsi tərəfindən tərkibində bakteriya aşkarlanan dondurmaları endirimlə satışa çıxarması ilə bağlı yayılan iddialara münasibət bildirilib.
Yenicag.az xəbər verir ki, açıqlamada deyilir:
“Araz” supermarketlər şəbəkəsi müştərilərinə yalnız keyfiyyətli və qida təhlükəsizliyi tələblərinə cavab verən məhsullar təqdim edir.
Müxtəlif ticarət şəbəkələrində satılan bir sıra dondurma markalarına məxsus məhsul partiyalarının müvafiq dövlət qurumu tərəfindən geri çağırılması ilə bağlı məlumat “Araz” supermarketlər şəbəkəsinə daxil olduğu andan etibarən şirkət tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib və həmin məhsul partiyaları satışdan kənarlaşdırılıb. Hazırda “Araz” mağazalarında satılan dondurmalar uyğunsuzluq aşkar edilən məhsul partiyalarına aid deyil. Supermarketlər şəbəkəsinin filiallarında 30 çeşiddə dondurma məhsulu 40%-dək endirimlərlə təklif olunur. Müştərilərə təqdim edilən bütün dondurmalar standartlara uyğun, qida təhlükəsizliyi tələblərinə cavab verən keyfiyyətli məhsullardır”.
***15:03
“Araz” supermarketlərində tərkibində bakteriya aşkarlanan dondurmalar endirimlə satışa çıxarılıb. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. İstifadəçilər marketin bu addımından narazılıq edərək, satılan dondurmaların keyfiyyətinə nəzarət olunmadığını bildiriblər.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə Bakupost.az –a bildirildi ki, burada konkret müvafiq istehsal tarixli məhsul partiyalarından söhbət gedir:
“Hazırda həmin məhsulların geri çağırılması prosesi davam edir. Yaxın günlərdə geri çağırılan, istehlaka yararsız məhsullarla bağlı statistik məlumatlar paylaşılacaq.
Vətəndaşlardan ticarət şəbəkələrində bu partiyaya məxsus məhsullarla rastlaşdıqda, Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, Agentlik tərəfindən aparılan monitorinqlər çərçivəsində Bakı şəhəri daxil olmaqla, respublikanın bütün regionlarında ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən dondurma emalı müəssisələri tərəfindən istehsal olunmuş məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
Belə ki, cari dövr ərzində ümumilikdə 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb. Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.
43 dondurma nümunəsində isə hər hansı uyğunsuzluq aşkar edilməyib. Digər nümunələrin laborator müayinələri davam etdirilir.
Onu da qeyd edək ki, sınaq nəticələri qənaətbəxş olmayan istehsalçı müəssisələrdə plandankənar yoxlamalar keçiriləcək.