Bakıda III “Türk filmləri həftəsi”nə start verilb.
Yenicag.az xəbər verir ki, bu dəqiqələrdə Nizami Kino Mərkəzində rəsmi açılış mərasimi keçirilib. Tədbirin rəsmi hissəsində “Yerli Düşüncə Dərnəyi”nin rəhbəri Metin Gündoğdu, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu, eləcə də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib.
Tədbir Türkiyənin “Yerli düşüncə dərnəyi”nin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino İdarəsi və bu ölkənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təbliğat müşavirliyinin dəstəyi ilə reallaşıb.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladıb:
“Ölkələrimiz daim bir-birinin yanındadır. İki dövlətin birgə reallaşdırdığı böyük iqtisadi layihə – Bakı-Tbilisi-Qars dəmir yolu dünya miqyasında böyük marağa səbəb olub. Bu günlərdə Türkiyədə Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illiyi münasibəti ilə keçirilən tədbirə qatıldım. Hesab edirəm ki, birgə festivalların, mədəniyyət və elm xadimlərinin yubileylərinin keçirilməsi bu mədəniyyətlərin bir araya gəlməsinə və daha yaxından tanıdılmasına böyük töhfə verər. Növbəti illərdə Türkiyədə Azərbaycan film festivalını həyata keçirəcəyik”.
Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu iki ölkə arasında dostluğu belə ifadə edib:
“Azərbaycan və Türkiyə əkiz qardaşdır. Bütün sahələrdə dostluq-qardaşlıq var. Həm Azərbaycan, həm Türkiyə birgə çox böyük layihələrə imza atırlar. Bizim siyasət, iqtisadiyyat, mədəniyyət və başqa sahələrdəki əməkdaşlığımız hər gün daha da möhkəmlənir. Ən böyük problemlərdən biri bütün dünyanın gözü qarşısında xaincəsinə baş verən Qarabağın işğalıdır. Əminik ki, Azərbaycan tezliklə öz torpaqlarına qovuşacaq. Bu, Ankaranın ən böyük arzusudur. Biz terrorla mübarizə aparırıq. Bakı bu mübarizədə hər zaman yanımızdadır. Bakı ilə Ankara çox güclü olarsa, türk dünyası güclü olar”.
Qeyd edək ki, tamaşaçılar “Yeni dünya” filmi ilə yanaşı, rejissor Bilal Babaoğlunun “Aşık”, rejissor Sinan Sertelin “Bir gün bir çoçuk”, rejissor Alper Çağların “Dağ-2” və rejissor Emre Konukun “Çırak” filmlərini izləmək imkanı əldə edəcəklər.
Tədbirin keçirilməsində məqsəd Türkiyə-Azərbaycan mədəniyyətlərarası əlaqələrin kino sənətinin gücü ilə daha da möhkəmləndirməkdir.
“Ortaq mədəniyyət, ortaq kino” şüarı ilə hazırlanan festivalın əsas hədəfi Türkiyə və Azərbaycan filmlərinin qarşılıqlı şəkildə geniş təbliğinə nail olmaqdır. Bu məqsədlə film həftəsi çərçivəsində Türkiyədən Bakıya gələcək rejissor, prodüser və tanınmış aktyorların azərbaycanlı həmkarları ilə görüşləri keçiriləcək, birgə kino layihələrinin reallaşdırılması istiqamətində danışıqlar aparılacaq. Film həftəsi noyabrın 20-dək davam edəcək.
Giriş sərbəstdir.
Cəvahir
Aytək